Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir: “Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır, dörd önəmli layihədən ibarətdir. Biri TANAP, digərləri Cənubi Qafqaz Boru Kəməridir ki, bizim qazımızı Azərbaycandan Türkiyə sərhədinə – Türkiyə-Yunanıstan, Türkiyə-Gürcüstan sərhədinə qədər gətirir; ondan sonra Transadriatik kəməri və “Şahdəniz” yatağının işlənməsi. Cənub Qaz Dəhlizi bu gün uğurla icra edilir”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir: “Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii resurslarla zəngin olmayan ölkələr çalışırlar ki, müxtəlif yerlərdən onlara yeni resurslar gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır. Və çoxşaxəli diversifikasiya yolu ilə həm nefti, həm də qazı dünya bazarlarına çıxarır”.
İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrasında artıq yeddi ölkə birləşib: “Və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, cəmi 25 ildir ki biz müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftə, qaza bağlı idi. Bu gün isə neft və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sahələrinə yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir”.