Gələn il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından nə qədər neft hasil edilməsi indiyə qədər dəqiqləşdirilməyib.
Caspian Barrel-in hökumətdəki qaynaqlardan əldə etdiyi məlumata görə, bu məsələdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə layihənin operatoru arasında hələki yazılı bir öhdəlik yoxdur.
Bu məsələ AÇG layihəsinin 2017-ci il üzrə büdcəsi səhmdarlar tərəfindən təsdiq edilərkən məlum olmalıdır. Həmin məsələ isə çox güman ki, cari ilin dekabrın ortasında reallaşacaq.
Çünki hasilatın hansı səviyyədə olması qazalan quyuların sayından birbaşa asılıdır. Quyuların qazılması isə investisiya xərclərinə bağlıdır. Bu xərclər isə bazarda neftin qiyməti ilə uzlaşır. Yəni dünya bazarında neftin qiyməti aşağı həddə olduğu zaman neft şirkətləri mümükün qədər investisiya xərclərini minimuma endirməyə çalışırlar ki, hasilatın rentabelliyini qoruya bilsinlər.
Ona görə də AÇG-nin büdcəsinin təsdiqi müəyyən qədər uzana da bilər. Çünki bu il noyabrın 30-da Vyanada OPEC ölkələrinin növbəti konfransı keçirilməlidir. Bu toplantıda gündəlik hasilatın 740 min barel azaldılması məsələsi təsdiq edilməli və buna uyğun olaraq hər bir üzv ölkənin yeni hasilat kvotası müəyyən edilməlidir. Məhz bu toplantıdan sonra bazar iştirakçıları neft qiymətlərinin artımı və onun stabil bir mərhələyə keçidini gözləyirlər.
2015-ci ildə AÇG çərçivəsində 31,3 mln ton neft hasil edilmişdi. 2014-cü ildə hasilat
31,5 mln ton olmuşdu. Cari ilin I yarısında AÇG-dən 16 mln ton neft hasil edilmişdi.
Bu baxımdan hazırda Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layihəsində götürülmüş göstəricilər əslində bir tərəfdən neftin orta ixrac qiymətini 40 dollardan göstərirsə, digər tərəfdən həcmləri də təqribi nəzərə alır. Bir sözlə gələn il neftdən gələn gəlirlər, neft sektorunun büdcəyə ödəmələri xeyli fərqli mənzərəni yaratmalıdır.
Hökumətin proqnozlarına əsasən, 2017-ci ildə SOCAR-ın dövlət büdcəsinə ödəmələri neftin orta ixrac qiyməti $40 olduğu təqdirdə 1,28 mlrd manat olmalıdır ki, bu da 2016-cı ilin proqnoz göstəricilərindən 40 mln manat çoxdur.
Xatırladaq ki, 2015-ci ildə SOCAR dövlət büdcəsinə 1,48 mlrd manat, 2014-də isə 1,825 mlrd manat vəsait ödəmişdi.
2017-ci ildə Hökuməthesab edir ki, Hasilatın Pay Bölgüsü (PSA) sazişləri çərçivəsində dövlət büdcəsinə xarici neft şirkətlərinin ödədikləri vergilər 475 mln manat təşkil etməlidir ki, bu da 2016-cı ilin proqnoz göstəricilərindən 105 mln manat çox olacaq. 2015-ci ildə bu göstərici 680,4 mln manat, 2014-cü ildə isə 1,09 mlrd manat olmuşdu.
Gələn il Hökumət Neft Fondundan büdcəyə ediləcək transferlərin həcmini 6,1 mlrd manat dəyərində müəyyənləşdirib.
Cari ilin proqnoz göstəricilərində bu məbləğ 7,615 mlrd manatdır. 2015-ci ildə bu göstərici 8,13 mlrd, 2014-cü ildə isə 9,337 mlrd manat olmuşdu.