Venesuela dövlət başçısının Azərbaycana səfəri nə ilə yadda qaldı? Əslində bircə faktorla – o da neftin dünya bazar qiymətləri məsələsi ilə desək, yanılmarıq. Bizi birləşdirən amil məhz neftin dünya bazarlarındakı aşağı qiymətlərinin qane etməməsi faktorudur.
Azərbaycan Prezidenti İlham Əliyev Nikolas Maduro ilə mətbuat üçün bəyanatla çıxış edərkən bildirdi ki, “ölkəsinin dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik”.
Yəni Azərbaycan bir hasilatçı neft ölkəsi, gəlirlərinin hazırda 71,85%-nin xam neftdən asılı olduğunu nəzərə alsaq, dünya bazarında, Prezident Əliyevin qeyd etdiyi kimi, ədalətli qiymətlərin bər-qərar olmasında maraqlıdır. Daha dəqiq ifadə etsək, hazırda Brent markalı neftin bir barelinin orta qiyməti 43 dollar ətrafındadır. Hasilatçı ölkələrin arzusu isə bu qiymətin 60 dollar ətrafında bərqərar olmasına köklənib. Yəni ortaya yaxın perpspektivdə neft qiymətlərinin 40% artması uğrunda maraqlar qoyulub. Və bu maraqları ilə Bakıya və sonradan da Körfəz ölkələrinə səfərə çıxan Venesuela prezidenti hesab edir ki, elə bir formula fikirləşib tapmaq gərəkdir ki, yaxın 10 ildə bir daha neftin kəskin ucuzlaşması ilə qarşılaşmayaq.
İstənilən halda bu cür arzular müsbət qarılanmalıdır. Çünki dünya bazarlarında böyük bir seqmentin stabilliyinə yönəlib. İkincisi, bu stabillikdə Azərbaycanın da maraqları öz əksini tapır, çünki bizim gəlirlərimiz əksər hissəsi (indiki halda neft, qaz və neft məhsulları ümumi ixracatımızın 86%-ni təşkil edir).
Hazırda neft qiymətlərinin stabilliyinə nail olmağın ən “əlçatan” yolu hasilatın azaldılmasından keçir, yəni “dondurma” əməliyyatından.
Bir sıra KİVlərdə və sosial şəbəkələrdə Azərbaycanın neft hasilatını “dondurması” çox səthi şəkildə və bəzən də
qeyri-ciddi formada təqdim edirlər cəmiyyətə. Məsələnin mahiyyətini dərindən bilməyənlər elə zənn edirlər ki, “dondurma” əməliyyatı, şirkətlərə hasilatın nə qədər azaldılması ilə bağlı plan və tapşırıqların verilməsi ilə yekunlaşmalıdır. Yəni OPEK-in 30 noyabr Vyana konfransında yeni kvotalarla bağlı verəcəyi qərarda olduğu kimi. Ancaq bu, heç də belə deyil.
Xəzər hövzəsində bu günə qədər 2017-ci ildə Azərbaycandan başqa (bizdə hasilat obyektiv səbəblər üzündən azalır) heç bir ölkə hölumətinin rəsmən neft hasilatını azaltmaq haqqında planı yoxdur. Məsələn, Qazaxıstan hökuməti gələn ilin büdcəsinə neft hasilaını 4,5 mln ton artırmağı, Rusiya hökuməti isə 4 mln ton hasilatın artırılmasını müəyyənləşdirib. Türkməmistanda isə artıq 3 ildir ki, hasilat dənizdəki yataqların hesabına artır. İran isə sanksiyaların aradan götürülməsi hesabına hündəlik hasilatı artıq 3,6 mln barelə çatdırıb və bunu 4 mln-a qədər artırmağı planlaşdırır.
Belə olan tərzdə Azərbaycanın hasilatı artırmayacağı ilə bağlı bəyanat verməsi ətrafdakı iqtisadiyyatları neftdən asılı olan qonşu ölkələrin “hasilat yarışına” girdikləri vaxt zamanında edilmiş bir çağırışdır. Axı, Xəzər hövzəsi ölkələrindən yalnız İran OPEC üzvüdür, özü də rəsmi Tehran uzun müddət sanksiyalar altında olduğunu əsas gətirərək hasilatını azaltmaq fikrinə heç də ürəkdən yanaşmır. Yəni hətta bu ideyaya dəstək də versə, reallıqda nə qədər əməl edib-etməyəcəyi bəlli deyil. Belə isə tutaq ki, OPEC növbəti toplantısında gündəlik hasilatı 700 min barel azaltmaq haqda qərar verdi, ancaq təkcə Xəzəryanı ölkələr gələn il 200 min bareldən çox hasilatı artırmaq planı qoyurlar, reallıqda daha da çox ola bilər. Nigeriya və Liviyanın hasilat artımını da nəzərə alsaq, onda OPEC-in azalma kvotası ilə dünya bazarlarına çıxarılan əlavə neft həcmləri arasındakı fərq daha kiçik olacaq.
Elə isə 2017-ci ildə QARA QIZIL iqtisadiyyatları bu xammaldan asılı olan ölkələrin arzuladığı ƏDALƏTLİ qiymət səviyyəsinə çatmaq İQTİDARINDA ola bilərmi?
İlham Şaban