logo

Azərbaycan hökumətinin elektrik enerjisinə baxışları – təhlil

Views: 185

Azərbaycan hökuməti 2018-ci ildə adambaşına elektrik enerjisinin istehsalının həcmini 2500 kVt saata çatdımağı qarşısına möqsəd qoyub. Bu barədə energetika naziri Natiq Əliyev bəyan edib.

elektro-bio“Son on ildə regionlarda ümumi gücü 2000 MVt-a yaxın 17 elektrik stansiyası tikilib.

Beləliklə, energetika sektorunda uğurla həyata keçirilən tədbirlər nəticəsində ölkənin elektroenergetika sisteminin generasiya gücü 2015-ci ildə 7149 MVt-a çatdırılıb”, – deyə N.Əliyev “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib

Nazir qeyd edib ki, əsas məqsəd elektik enerjisi ilə təchizatın 100%-ə çatdırılmasıdır.

“Hökumətin planlarına əsasən, 2020-ci ilədək əhalinin 99,9%-in elektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaq”, – deyə o vurğulayıb.

N.Əliyev bəyan edib ki, ortamüddətli perspektivdə Azərbaycanda yeni elektrik stansiyaların istifadəyə verilməsi planlaşdırılır. “Yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sistemin ümumi gücü 10 min MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaq”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, əsas vəzifələrdən biri elektik enerjisi itkisinin səviyyəsinin azaldılmasıdır.

Caspian Barrel-in araşdırmasına görə, Dövlət Statistika komitəsinin əhali sayı  haqda son hesabat məlumatları cari ilin 8 ayının nəticəsini əks etdirir. Həmin hesabata görə, 1 sentyabr 2016-cı il tarixinə Azərbaycan əhalisinin sayı 9 milyon 775,7 min nəfər təşkil edib. Cari ilin 8 ayında əmtəəlik elektrik enerjisinin istehsalı isə 14 419,5  kVt saat olmuşdur. Yəni ölkədə adambaşına düşən elektrik enerjisinin istehsalı 1 475 kVt saat olub. Bu isə o deməkdir ki, Azərbaycan hökuməti 2 il ərzində adambaşına düşən elektrik enerjisinin istehsalını 69,5% artırmağı planlaşdırır.

Sual olunur: təqribən 70% elektrik enerjisini artırmaq Azərbaycan hökumətinin nəyinə gərəkdir? Axı, Azərbaycanda istehsal edilən elektrik əsasən yanacağın hesabına (təbii qazın) əldə edilir. Nazir Natiq Əliyevin “Respublika” qəzetindəki məqaləsində deyildiyi kimi, ölkədə istehsal edilən 24,7 mlrd kVt saat elektrik enerjisinin 93,4 faizi İES-in, 6,6 faizi SES-in payına düşüb. Elektrik enerjisinin ixracı isə 265 mln. kv saat təşkil edib və bundan Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda qeyd edilir ki, əldə edilən gəlir $16,2 milyon təşkil edib. Təbii ki, indiyə qədər “Azərenerji” ölkədən kənarda heç bir şirkətlə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlamadığından bu gəlir kommersiya əməliyyatlarından deyil, hökumətlərarası sazişlər nəticəsində (enerji mübadiləsinə dair) yaranır. Yəni qonşu ölkələrdə enerji qıtlığı yaranarkən onların enerji sisteminə bizdən elektrik enerjisi “axır”. Ona görə də idxal edilən həcmləri və istehsala çəkilən xərcləri nəzərə alsaq Azərbaycanın 2015-ci ildə elektrik enerjisindən qazandığı mənfəət $5 milyona belə çatmır.

Başqa mühüm bir amil isə odur ki, yaxın iki ildə bu artımı Azərbaycan energetikləri ancaq istilik elektrik stansiyaları hesabına əldə edə bilərlər. Buna misal kimi 2017-ci ilin əvvəlinə qədər istismara veriləcək “Şimal” elektrik stansiyasının ikinci buxar-qaz qurğusunu göstərmək olar ki, 409 MVt gücünə malik olacaq.  Bu isə daxili bazarda qaz istehlakını artıran amildir. Azərbaycanın apardığı siyasət isə daxili bazarda mümkün qədər izafi istehlaklı azaltmağa yönəlib.

Bu baxımdan yaxşı olardı ki, hökumət və aidiyyati qurumlar ölkədə elektrik enerjisi itkilərinin azaldılması yönümündə “inqilabi” uğurlara imza atsınlar, nəinki neftin 100 dollardan yuxarı qiymətində olduğu kimi neft vəsaitlərini kapitalyönümlü tikinti-yenidənqurma layihələrinə yönəltsinlər.

Azərbaycanda elektrik enerjisinin istehsalı və itkilər (min kVt saat)

İllər İstehsal İtkilər
2011 20,293.8 3,973.4
2012 22,988.1 3,367.6
2013 23,354.4 3,280.6
2014 24,727.7 3,362.5
2015 24,688.4 2,868.6

Digər bir yanlış amil isə Azərbaycan hökumətinin hələ də elektrik enerjisi vasitəsilə ölkəyə qazanc gətirməsinə ümid bəsləməsidir. Burada bir neçə faktor var ki, Azərbaycanın “əl-qolunu” bağlayır. Birincisi, Azərbaycanda istehsal edilən elektrik enerjisinin rəqabətədavamlılıq dərəcəsi qonşu ölkələrlə müqayisədə aşağıdır. Qonşu Gürcüstanın elektrik enerjisinin 80%-dən çoxu su elektrik stansiyalarında hasil edilir, Azərbaycanda isə sonuncunun payı  heç 10%-ə də çatmır. İkincisi, Türkiyə şirkətləri Gürcüstanın hidroenergetikasına yatırımlar ediblər və edirlər və əldə etdikləri enerjinin bir hissəsini öz ölkələrinə daşıyıb satırlar.

Rusiyaya Azərbaycanın elektrik enerjisi ixrac etməsi mümkünsüzdür, bu ancaq enerji mübadiləsi ola bilər. İrana gəldikdə isə burada Azərbaycanın ən böyük rəqibi kimi Türkmənistan çıxış edir. Bu ölkənin hasil etdiyi elektrik enerjisi ucuz olmaqla yanaşı, artıq bazarda özünə kifayət qədər yer tutub və İran üzərindən Türkiyəyə belə ixrac gerçəkləşdirilir. Türkmənistanın elektrik enerjisi məsələsində regionda ciddi rəqibi heç bir karbohidrogen resursuna malik olmayan Tacikistandır. O, son iki ildə, 2014-2015-ci illərdə stabil olaraq SES-lərin hesabına istehsal etdiyi elektrik enerjisinin ixracını 1,35 mlrd kVt saat səviyyəsində saxlaya bilir və ısas ixrac bazarı da Əfqanıstan və İrandır.

Azərbaycanda elektrik enerjisinin ixrac və idxal həcmləri (mln kVt saat)

İllər İxrac həcmləri İdxal həcmləri
2011 804.8 128.0
2012 680.3 140.9
2013 495.6 127.3
2014 489.3 124.1
2015 265.0 107.5
2016 – I yarım il 166.6 Məlumat yoxdur

Ona görə də Azərbaycan hökuməti ilk növbədə daxili bazarda elektrik enerjisinin keyfiyyət parametrlərinə fikir verməlidir (çox nadir hallarda istehlakçılar 220 V səviyyəsində elektriklə təmin edilirlər, Bakıda bu adətən 200 V ətrafında olur, regionlarda isə vəziyyət daha aşağı səviyyədə). 10 il ərzində elektrik energetikası sənayesinə 4 milyard dollar investisiya yatırandan sonra illik itkilərin 3 milyard kVt saat ətrafında olması və elektrik stansiyalarında 1 kVt saat elektrik enerjisinin alınması üçün şərti yanacaq sərfiyyatının hələ də 314,2 qram səviyyəsində qalması ona dəlalət edir ki, bu sahəyə edilən sərmayələrin səmərəlilik əmsalı heç də nəzərdə tutulduğu səviyyədə olmamışdır. Əslində gərək şərti yanacaq sərfiyyatı Azərbaycan reallıqları nəzərə alınmaqla belə 230-240 qram səviyyəsini ötməməliydi. İtkilərin səviyyəsi isə o qədər yüksəkdir ki, bəzi ölkələr heç bu qədər elektrik enerjisi istehsal etmirlər. Biz isə elektrik enerjisi istehsalını artırmaq haqda yeni yeni planlar qururuq…sivil dünya isə çoxdan enerjiqənaətcil texnologiyalara keçid edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart