Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi ilə həyata keçirilən “Alternativ gələcəklə əlaqə” layihəsinə yekun vurulub.
Bu münasibətlə keçirilən mərasimdə BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, “Ömürboyu təhsil” fakultəsinin dekanı Rəna Mustafayeva iştirak etmişlər. Layihəni uğurla başa vurmuş jurnalist və tələbələrə sertifikatlar təqdim olunmuşdur.
Layihə iştirakçıları Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Dövlət Agentliyinin quraşdırdığı və idarə etdiyi Suraxanı Günəş Elektrik Stansiyasına səfər etmiş, stansiyanın gördüyü işlər və ümumi günəş panellərindən alınan enerji haqqında ətraflı məlumat alaraq, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə tanış olmuşlar.
“Alternativ gələcəklə əlaqə” layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul verilməsi, Azərbaycan gəncliyinin davamlı inkişafı naminə təcrübənin və potensial gələcəyin öyrənilməsi, kütləvi informasiya vasitələrində göstərilən istiqamətlərdə məqalələrin, tədqiqat yazılarının davamlı şəkildə dərc olunmasına kömək göstərilməsidir.