2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 6,7% – $35 mlrd. 822,1 mln.-a qədər artıb. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
“2016-cı ilin yanvar-sentyabr aylarında fondun gəlirləri 6 mlrd. 618,6 mln. manat, xərcləri 3 mlrd. 823,1 mln. manat təşkil edib”, – deyə Ş.Mövsümov qeyd edib.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 5 mlrd. 867 mln. manat, tranzit gəlirləri 13,4 mln. manat, bonus ödənişləri 0,1 mln. manat təşkil edib.
Hesabat dövründə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun büdcədənkənar gəliri 2 mlrd. 612,3 mln. manat təşkil edib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında fondun xərcləri strukturunda ən çox məbləğ –3 mlrd. 260 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb. Bu məbləğ cari ildə büdcəyə proqnoz edilən transfetlərin cəmi 42,8%-ni təşkil edib.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 48,6 mln. manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 mln. manat, STAR NEZ-in tikintisi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 127 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 20,8 mln. manat, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə11,9 mln. manat vəsait yönəldilib.
- 2016-cı il yanvarın 1-ə Fondun aktivləri 33 574,1 milyon ABŞ dolları təşkil edirdi.
İnterfaks-Azərbaycan