Alıcıların marağı gözlənildiyindən daha yüksək səviyyədə olub
Dünən Azərbaycan “Neftçilər günü”nü qeyd edəndə maliyyə bazarı başqa bir əlamətdar hadisəyə hazırlaşırdı – SOCAR istiqrazlarının satışa çıxarılmasına.
Artıq qeyd edildiyi kimi Azərbaycan Dövlət Neft Şirkətinin dövriyyəyə buraxdığı bu qiymətli kağızın hər birinin nominal qiyməti 1000 ABŞ dollarıdır. Ümumilikdə SOCAR bazara 100 milyon dollar dəyərində olan istiqraz təklif edir. Onlar üzrə illik dividend 5%-dir və rüblük ödənişlər edilir. İstiqrazların dövriyyədə olacağı müddət 5 il müəyyən edilib.
Bəs istiqrazların satışa çıxarıldığı ilk gün necə keçib? Caspian Barrel-in bazar iştirakçılarına istinadən verdiyi məlumata əsasən, SOCAR istiqrazlarına səhər saatlarından maraq müşahidə olunub. “İsiqrazları alanları bu sahədə məlumatlı kateqoriyalı şəxslər hesab etmək olar, çünki onlar özləri üçün əvvəlcədən artıq müəyyənləşdirmişlər ki, bu tip qiymətli kağıza yatırım etməkdə maraqlıdırlar, ona görə də alqı-satqı məsələləri zamanı hər hansı tərəddüd keçirməmişlər”, deyə Caspian Barrel-in həmsöhbəti bildirib.
Dünənki gün nahara qədər banklar istiqrazlarla bağlı 528 əməliyyat həyata keçiriblər. Dəyər ifadəsində ən yüksək əməliyyatln məbləği 100 min dollar olub. Bu istiqrazın sahibi qadındır. Digər əməliyyatlarda alıcıların əksəriyyəti 5-10 min arasında dəyişən istiqrazlara sahib olmağa üstünlük veriblər.