Azərbaycanda bu gün maraqlı mənzərə yaranıb: hökumət postneft dövrü elan edb, cəmiyyət isə bütün bəlaları neftdə axtarmağa başlayıb
Bu gün Azərbaycanda netçilərin peşə bayramıdır – “Neftçilər günü”. 22 il əvvəl həmin gün müstəqil Azərbaycan Respublikası xarici şirkətlərlə Hasilatın Pay Bölgüsü Sazişi (Production Sharing Agreements) tipində ilk müqaviləsini imzalamışdı.
Bizi 20 sentryabr 1994-cü tarixindən xeyli zaman ayırsa da, ancaq “əsrin müqaviləsi” adlandırılan bu sazişə ölkə daxilində münasibət hələ də birmənalı deyil. Bir qrup hesab edir ki, Azərbaycan böyük səhv etdi ölkənin ən böyük yataqlarını xaricilərlə birgə işləməyə qərar verdi. Bu cür insanlar (onlar dünyaya baxışlarına görə əsasən solçulardır) hesab edir ki, Qərbi ümumiyyətlə Azərbaycana buraxmaq gərək deyildi, çünki kapitalistlərin bircə məqsədi var – başqa ölkələrin sərvətini istismar etmək. Mən solçularla heç zaman mübahisə etmirəm, çünki hər şeyə ideoloji nöqteyi-nəzərdən baxmağa adət etmiş şəxslərlə mübahisə etməyin nə mənası. Ancaq daha geniş auditoriyaya müqayisə üçün deyərdim ki, baxın ölkənin qeyri-neft sektoru demək olar ki, Qərbin də Şərqin də üzünə bağlıdır: burada söz sahibi müstəqilliyimizdən elə özümüzük. Əkirik də, bizirik də, yeyirik də… Bəs dəyər formasında bu nədir? Ovuc boyda bir şey neft sektoru ilə müqayisədə, çünki nə rəqabətədavamlılığı var, nə də əmək məhsuldarlığının səviyyəsi…
Digər qrup hesab edir ki, Azərbaycan Soverin “neft akademisyası” olub, biz xariciləri tam başqa statusda cəlb edə bilərdik bu layihələrə, niyə PSA müqaviləsi imzaladıq, ona qanun statusu verdik, özümüzdən yuxarı başa keçirdik xariciləri.
- Hazırda Azərbaycanda bütün nəhəng layihələr neft, qaz və neft-kimya obyektlərində keçirilir, bunların reallaşmasında 30 minə yaxın insan çalışır.
- Neftin 45 dollar qiymətində BP şirkəti son 6 ildə ilk dəfə olaraq hasilatı artırmağa nail oldu, özü də investisiya xərclərini azaldığı bir şəraitdə – quyuların mənimsənilməsində yeni texnologiya tətbiq etmək hesabına.
- SOCAR bu il dənizdə 2 yeni platforma istifadəyə verdi, hazırda onlardan quyular qazılır, hasilatın stabilləşməsi gələn il olmalıdır.
Məsələ bundadır ki, Azərbaycan xaricilərə lazımi investisiya mühitini yarada bilməsəydi, bəlkə 10 il də gözləsəydi belə onun yataqlarının işlədilməsi üçün gərəkli olan on milyardlarla dollar vəsaiti qoyan nə bir maliyyə institutları tapılacaqdı, nə də şirkətlər bura ayaq basacaqdı. Çünki dünya bazarlarından qapalı məkanda yerləşən qeyri-stabil, qeyri-bazar imicində olan bir ölkə üçün RİSK dərəcəsi o zaman həddən artıq yüksək idi investorlar üçün. Bu baxımdan Azərbaycanın şirkətlərə münbit şərait yaratması, bir-birinin ardınca müqavilələr bağlanmasının multieffekt yaradan bir əhəmiyyəti oldu. AÇG-də iştirak edən neft nəhəngləri sadəcə bir mayaq kimi digər orta şirkətlərin də Bakıya gəlməsinə maraq oyatdılar. Nəticədə 10 ildə ancaq kəşfiyyat sahəsinə 1 milyard investisiya cəlb edildi. Ancaq cəmi bircə Şahdəniz yatağı tapıldı, digər geoloji məlumatlar isə Azərbaycanın mülkiyyətinə çevrildi.
Bir sözlə AÇG o zaman Azərbaycanın həm tanıtımı, həm siyasət predmeti, həm iqtisadiyyatının əsas amili, həm də mədəni tədbirlərinin başlıca elementinə çevrilmişdi. AİOC loqosundan başqa müstəqilliyin ilk 15 ilində daha nə vardı ki…
Bir qədər də statistika
1992-2015-ci illərdə Azərbaycanda 616,1 milyon ton əmtəəlik neft və kondensat hasil edilib ki, bunun da 385,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokundan, 17,1 milyon tonu isə “Şahdəniz” yatağından çıxarılıb. Yəni müasir texnologiyalar olmasaydı, hesab edin ki, 3 milyard bareldən artıq bir sərvət indi Xəzərin dərin qatlarında “yatırdı”. Və ölkə bundan heç nə qazanmamışdı. Vəsaitlərdən necə isifadə edilməsi başqa bir mövzudur, mən sadəcə faktları oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Texnologiyaların rolu yataqların işlənməsində çox əhəmiyyətlidir. Məsələn, AÇG-də geoloji ehtiyatların 50%-dən çoxunu bü gün BP və tərəfdaşları çıxarmaq imkanına malikdirlər. Keçmiş Sovet məkanındakı və o cümlədən, SOCAR-ın bir çox yataqlarında isə bu göstərici 25% ətrafındadır.
Başqa bir məsələ neftin maya dəyəri məsələsidir. Bu gün BP-nin Xəzərin ortasında hasil etdiyi neftin maya dəyəri Qazaxıstanın quru yatağı olan “Tengiz”dəki neftindən ucuzdur, baxmayaraq ki, onu da işlədən tanınmış xarici şirkətdir.
Hazırda “Çıraq”, “Azəri” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 102 hasilat quyusu fəaliyyətdədir. Onlardan orta hesabla 2,8 mln. tona qədər neft və 1,1 mlrd. kubmetr səmt qazı hasil olunur.
1997-ci ilin noyabrından indiyədək AÇG-dən 404,1 mln. ton neft və 123 mlrd. kubmetr səmt qazı hasil edilib.
Hasil edilmiş neftin 224 milyon tonu və ya 55,4%-i Azərbaycanın xalis mənfəəti olub. Bundan gələn gəlirlər Azərbaycan Dövlən Neft Fondunda toplanır.
Bir çoxları Azərbaycanın mənfəətinin az olduğunu təsdiq etməyə çalışırlar. Ancaq bu 224 milyon ton, hansı ki, dəyər ifadəsində Neft Fondunun açıqlamasına görə, 1 sentyabr 2016-cı il tarixinə $120,2 milyard AÇG layihəsindən daxil olub. Bu, ancaq dövlətin payıdır.
Ancaq bu layihədə SOCAR-ın 11,65%-lik payı da var. Yəni şirkətlərin qazandığı nə mənfəət varsa, oradakı pay bölgüsünə müvafiq SOCAR öz mənfəətini ayrıca qazanır.
Dövlətin qazancı bununla bitmir. PSA müqaviləsinin şərtlərinə görə, şirkətlər dəyişməz mənfəət vergisi ödəyir və bunun vergi dərəcəsi qanunla 25% təyin edilib. Yəni, əgər şirkətlər Azərbaycandakı əməliyyatlardan 2 milyard dollar əldə edirlərsə, onda 500 milyonunu dövlət büdcəsinə vergi şəklində köçürürlər. Son 20 ildə onların Azərbaycan dövlət büdcəsinə ödəmələri $21 milyard təşkil edib.
Bu da son deyil. Belə ki, AÇG layihələri çərçivəsində yerli şirkətlər podratçı və subpodratçı qismində iştirak edirlər. Onlar yüz milyonluq layihələrin tender qalibləri olurlar, müxtəlif xidmətlər göstərirlər. Bu zaman həm mənfəət əldə edirlər, həm də dövlət büdcəsinə, həm də dövlət sosial müdafiə fonduna köçürmələr edirlər.
BP şirkətinin son hesabatında qeyd olunur ki, 2015-ci ildə 131 yerli şirkətlə dəyəri 1,09 milyard dollar olan müqavilə imzalanıb.
Təkcə bir AÇG layihəsi yüzə yaxın yerli podratçı şirkətin yaranmasına gətirib çıxarıb. Beləliklə, dövlətin ümumilikdə bir PSA müqaviləsindən qazancı multieffekt təsir nəticəsində geniş bir təsir dairəsinə malik olub və sadəcə “müqavilə sahəsi” və “mühasibatlıq” deyilən məhfumlarla bitmir.
Azərbaycan AÇG layihəsi üzrə ilk mənfəətini 1999-cu ilin dekabrında əldə edib. Yəni bu layihə Azərbaycan parlamentində təsdiq edildikdən (12 dekabr) təqribən düz 5 il sonra.
Bundan sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə neft gəlirlərinin idarə edilməsi, onun iqtisadi layihələrə yönəldilməsi və gələcək nəsillər arasında bölüşdürülməsi məqsədilə Dövlət Neft Fondu təsis edildi. Fondun praktiki fəaliyyətə başlaması üçün hüquqi-normativ bazanın yaradılması müəyyən vaxt apardı və nəhayət Fond 2001-ci ilin iyununda işə başladı. O zaman Fondun hesabında $271 milyon vəsait vardı.
2001-2015-ci illərdə Neft Fonduna ümumilikdə $124,90 mlrd vəsait daxil olub. 1 iyul 2016-cı il tarixinə qalıq $35,117 mlrd təşkil edib.
Neft Fondunun gəlirlərinin neftin qiymətindən asılı olaraq dəyişməsi cədvəli
Illər | Neft Fonduna daxilolmalar
(milyon ABŞ dolları) |
Azərbaycan neftinin orta illik ixrac qiyməti ($/barel) |
2010 | 16 309,3 | 78,0 |
2011 | 19 799,9 | 111,1 |
2012 | 17 405,4 | 112,2 |
2013 | 17 329,2 | 109,1 |
2014 | 16 231,3 | 104,3 |
2015 | 7 670,2 | 54,3 |
Mənbə: ARDNF
İlham Şaban, Caspian Barrel
Neft Araşdırmaları Mərkəzinin rəhbəri