Gələn ilin Azərbaycan dövlət büdcəsi formalaşdırılarkən Hökumət bir barel neftin orta ixrac qiymətini 40 ABŞ dollarından hesablayıb.
Caspian Barrel bildirir ki, Hökumət neft qiymətlərinin 40 dollardan götürülməsini büdcənin baza ssesaniri kimi nəzərə alır. Ancaq bununla belə Hökumət digər ssenarilərin də işlənib hazırlandığını qeyd edir. Maliyyə nazirliyinin saytında bildirilir ki, pessimist ssenari neftin bir barelinin 35 dollarlıq qiymətini, optimist ssenari isə 45 dollarlıq qiyməti üzərində qurulub.
Hökumətin təhlilinə görə, xam neftin 1 barrelinin qiyməti 1 dollar azalarsa dövlət büdcəsinin gəlirləri 41,6 mln. manat azalacaq.
Xam neftin qiyməti 5 dollaradək aşağı düşəcəyi təqdirdə dövlət büdcəsi gəlirlərinin 10%-ni təşkil edən SOCAR-ın və xarici neft şirkətlərinin mənfəət vergisi orta hesabla 106,7 mln. manat azalması dövlət büdcəsinin gəlirlərini cəmi 0,6% azaldacaq.
Dövlət Neft Fondunun gəlirləri və xam neftin qiyməti arasındakı əlaqənin təhlili göstərir ki, xam neftin 1 barrelinin qiymətinin 1 dollar azalması ARDNF-in gəlirlərini təxminən 292 mln. manat azaldacaq.
Bəs cari ildə Azərbaycan neftinin orta ixrac qiyməti necədir? Maliyyə nazirliyinin məlumatına əsasən, 8 ayın nəticələrinə əsasən, Ceyhan limanından ixrac edilən 1 barel Azərbaycan neftinin orta ixrac qiyməti 42,55 dollardır. Xatırladaq ki, ötən il bu göstərici 54 dollar olmuşdu.