Hökumətin 16 avqust qərarı nəinki istehlakçıları, hətta KİV nümayəndələrini də çağ-baş salıb
Hökumət idxal aksiz dərəcələrinə yenidən baxıb və konkret desək, Ai-92 markalı benzinin 1 tonu üçün 200 AZN-dən 1 AZN-ə endirilib rüsüm. Bu, o deməkdirmi ki, benzindoldurma stansiyalarında Ai-92 markalı yanacağın qiyməti aşağı düşəcək?
Əvvəla, bunu düşünənlər onu nəzərə almalıydılar ki, Ai-92 ölkəyə idxal olunmurdu ki, indi də Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxsın.
İkincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni 60 gün ərzində qüvvədədir – 2016-cı il 15 oktyabrda qüvvədən düşəcək.
Ücüncüsü, sadə bir məntiq var, əgər bu marka benzin yerli istehsaldırsa və hökumət də onun idxalı ilə bağlı stimullaşdırıcı, ancaq zaman məhdudiyyəti qoyulan bir qərar verirsə, demək bu, istehsalda ortaya çıxan məsələlərlə bağlıdır. İstehsal isə neftayırma zavodunda həyata keçirilir.
Bəli, dünyadakı hər bir neftayırma zavodu ildə bir dəfə təmirə dayanır, istər Bakıda olsun, istər Təbrizdə, istərsə də Texasda. Çünki bunu texnoloji proseslər tələb edir. Sadəcə, hazırkı cari təmir işlərinin masştabı böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq.
Bu baxımdan, Hökumət idxaldan gələn vergini minimuma endirməklə daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb. Başqa sözlə, Hökumət aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən idxal dövründə imtina edib (əslində büdcə onsuz da bu vəsaiti almırdı, çünki həmin maddə üzrə idxal yox idi).
- H.Əliyev adına Neft Emalı Zavodu cari təmir işləri 2016-cı il avqustun 1-də başlayıb. Bununla əlaqədar zavodda istehsal prosesi tam dayandırılıb. Təmir işləri zamanı qurğuların mövcud vəziyyəti araşdırılacaq, diaqnostiq işlər aparılacaq və bunun nəticəsində lazımi qurğu və avadanlıqlarda profilaktiki işlər həyata keçiriləcək. Həmçinin bir sıra yenidənqurma işlərinin də görülməsi planlaşdırılır. Adətən cari təmir işləri bir ay müddətində başa çatır, ancaq bu ilki işlərin masştabı bir qədər böyük olduğundan, SOCAR-dakı mənbə bildirib ki, hələ dəqiq demək mümkün deyil ki, işlər nə zaman yekunlaşacaq.
İlham Şaban