Avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü nəzərdə tutulub. Hər üç ölkə qazla ehtiyatları ilə zəngin olmaqla yanaşı, mavi yanacağın bazarlarda stabil satılmasında maraqlıdırlar.
Azərbaycan energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc edildiyi məqaləsində bildirilir ki, sözügedən görüşdən digər mühüm bir gözlənti də enerji sahəsində əməkdaşlığa xüsusi prioritetlik qazandıran istiqamətlərdən biri kimi İranın neft-qaz ehtiyatlarının dünya bazarına Azərbaycanın yaxından iştirakı ilə çıxarılmasına nail olmaqdır.
“Məlumdur ki, müəyyən müddət ərzində İranın izolyasiyası siyasətinin həyata keçirilməsi Xəzərin karbohidrogen ehtiyatlarının istismarı sahəsində bu qonşu ölkənin hər hansı formada iştirakını məhdudlaşdırmış, İrandan ixrac edilə biləcək neft həcmləri İraq və Xəzər dənizi hövzəsinin neft ehtiyatları ilə əvəz olunmuşdur. ABŞ-ın Xəzər dənizindəki hazırkı siyasəti isə artıq İran amili ilə müəyyən edilmir və bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə nəinki neft və qaz sahəsində birgə layihələrin (Azərbaycanın yeraltı qaz anbarlarının birgə istifadəsi və genişləndirilməsi, Xəzər dənizində birgə axtarış-kəşfiyyat işlərinin aparılması, işlənməsi və s.) reallaşdırılmasına imkan verir, eyni zamanda qazın Avropa bazarlarına nəqlində ən real və əlverişli variant qismində məhz Azərbaycan infrastrukturunun seçilməsinə zəmin yaradır”, – deyə nazir vurğulayır.
Onun fikrincə, dünyada ən böyük təbii qaz yataqlarına malik olmasına baxmayaraq, İran hələlik xarici ölkələrə “mavi yanacaq” ixrac edə bilmir. İranın “National İran Gas” şirkətinin verdiyi məlumata görə, hazırda nəzərdən keçirilən variantlardan biri “İran LNG”-in tikintisinin bərpasıdır. İkinci variant isə Fars körfəzindən Omana qaz kəməri çəkmək və oradan da qazı Avropaya ixrac etməkdir. Xatırladaq ki, 2009-cu ildə İranın Buşehr şəhərində imzalanmış “Memorandum”un müvafiq müddəalarına görə, “Assaluyeh” yatağından çıxarılan təbii qazın İraq və Suriya ərazisindən keçərək Avropaya çatdırılması nəzərdə tutulurdu. Layihəyə əsasən, boru kəmərinin İran-Suriya-Livan ərazisindən keçərək, Aralıq dənizinin dibi ilə Yunanıstana çəkilməsi planlaşdırılırdı. Eyni zamanda, həmin layihəyə əsasən, Suriyanın Latakiya və Tartus dəniz limanlarında böyük həcmli maye qaz terminallarının inşası nəzərdə tutulurdu. Lakin İrana qarşı qəbul edilən beynəlxalq sanksiyalar bu layihənin həyata keçirilməsinə mane oldu.
İran kimi iri təchizatçının bazara qayıdışının Avropa İttifaqının şaxələndirmə siyasətinə də uyğunluğunu və təbii qazın ixracı üçün lazımi infrastrukturun yaradılmasının müəyyən vaxt tələb etdiyni nəzərə alsaq, mavi yanacağın Azərbaycan ərazisindən nəqli və Cənub Qaz Layihəsinə qoşulması daha məqbul görünür. 2015-ci ilin 23 noyabrında Tehranda keçirilmiş və Azərbaycanın da müşahidəçi qismində qəbul edildiyi Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Sammitində Azərbaycanın neft və qazın nəqli məqsədilə yaratdığı infrastrukturdan (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri) region ölkələrinin də istifadə etməsi təklifi irəli sürülmüşdür. Trans-Anadolu (TANAP) qaz kəmərinə qoşulmağın qaz ixrac etmək istəyən region ölkələri, xüsusilə də İran üçün səmərəliliyi ideyası əsaslandırılmışdır.
Eyni zamanda, Prezident İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlıq üçün çox gözəl perspektivlərin olması da xüsusi qeyd edilmiş, eləcə də Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə ilə bağlı mühüm mesajlar verilmişdir.
“Göründüyü kimi, bütün bu tədbirlər təkcə enerji əməkdaşlığının perspektivlərini genişləndirmir. Həm də regional əməkdaşlıq formatlarının sayını artıraraq yeni əməkdaşlıq modellərinin formalaşmasına da töhfə verir. Tarixi təcrübə də göstərir ki, hər hansı layihənin başlıca uğuru o layihədə iştirak edən ölkələr arasındakı münasibətlərin sabitliyindən, konstruktiv siyasi anlaşmalardan və dərin köklərə malik əlaqələrin qorunub saxlanılması məramına sadiqlik nümayiş etdirən dövlət başçılarının siyasətindən xeyli dərəcədə asılıdır. Ona görə də bu gün Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı belə möhkəm təməllər üzərində qərarlaşmış münasibətlər sisteminin nəticəsi kimi qiymətləndirilməlidir. Bu uğurlu nəticəni təmin edən başlıca amillərdən biri isə məhz Azərbaycanın regionda sülhün, sabitliyin, inkişafın təmin olunması üçün qonşularla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin möhkəmləndiririlməsinə xidmət edən dövlət siyasətidir. Məsələn, bu gün İranla enerji əməkdaşlığı hər nə qədər yeni mövzu kimi qabardılsa da, əslində, Azərbaycanın bu ölkə ilə enerji tərəfdaşlığı dövlət müstəqilliyimizin ilk illərindən başlanmış və tarixi sınaqlardan keçmişdir. Təsadüfi deyildir ki, blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının enerji daşıyıcıları ilə təmin olunmasında İran əvəzsiz rol oynamışdır. İrandan Naxçıvan Muxtar Respublikasına enerji xətlərinin çəkilməsi, Muxtar Respublikanın qaz probleminin həllinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi isə İran və Azərbaycan arasında əbədi dostluq ideyalarının müdafiəçisi Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Tarixə kiçik bir ekskurs etsək, görərik ki, hələ 1992-ci ildə Naxçıvan MR Ali Sovetinin sədri olarkən Heydər Əliyev Naxçıvanı böhran vəziyyətindən çıxarmaq məqsədilə İranın Neft və Qaz Nazirliyi ilə danışıqlar aparmış, Xoy-Culfa qaz kəmərinin tikilməsinə nail olmuşdur. Bundan başqa, 1992-ci ildə 220 kV-luq “Atarbekyan” hava elektrik verilişi xətti (HEVX) Ermənistan tərəfindən açıldıqdan sonra Naxçıvanın üzləşdiyi elektrik enerjisi probleminin əsaslı həlli, Muxtar Respublikanın dayanıqlı elektrik enerjisi təchizatının Azərbaycan energetika sistemi vasitəsilə həyata keçirilməsi məqsədilə 2001-ci ildə 230 kV-luq I Parsabad HEVX tikilərək istifadəyə verilmiş, bu xətlə elektrik enerjisinin Naxçıvana İranın elektrik şəbəkəsi vasitəsilə tranzit ötürülməsi həyata keçirilmişdir”, – Əliyev yazısında bildirir.
Nazir vurğulayır ki, Azərbaycanın İranla enerji əməkdaşlığı hələ Naxçıvan Muxtar Respublikasının enerji böhranının aradan qaldırılması üçün davamlı tədbirlərin həyata keçirildiyi o keşməkeşli illərdə özünü doğrultmuş, İran bu vəziyyətdə əsl dost, mehriban qonşuluq münasibətlərinə sadiq ölkə mövqeyindən çıxış edərək Azərbaycana köməyini əsirgəməmişdir. Azərbaycanla İran arasında dostluq münasibətlərinin inkişafı Prezident İlham Əliyevin siyasi kursunda da vacib istiqamət təşkil etmiş, bu, enerji əməkdaşlığının da yükslən xəttlə inkişafına təkan vermişdir. Belə ki, Naxçıvan Muxtar Respublikasının təbii qaza olan ehtiyacını ödəmək məqsədilə 2004-cü ildə imzalanmış müqaviləyə əsasən, İrandan ildə orta hesabla 350 mln. kubmetr qazın Naxçıvan MR-a təhvil verilməsi və əlavə olaraq tranzit haqqı kimi nəql həcminin 15%-i həcmində qazın İrana ödənilməsi nəzərdə tutulmuşdu. Nəticə olaraq Astara-İran sərhəddində dövlət ölçü qovşağı quraşdırılmışdır və o vaxtdan bəri hər gün Naxçıvana 1,3-1,6 mln. kubmetr qaz nəql edilməkdədir.
Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında imzalanmış 17 noyabr 2010-cu il tarixli enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasına uyğun olaraq, 5 il ərzində İranın şımal bölgəsini qazla təmin etmək məqsədilə mübadilə qazından əlavə, İrana 1 mlrd. kubmetr qazın nəqlini reallaşdırmaq üçün Astarada yeni kompressor stansiyası tikilmiş, Qazıməmməd-Astara kəmərində təmir-bərpa işləri aparılmışdır. Hazırda İrandan Araz çayını keçən diametri 530 mm olan qaz kəməri ilə təbii qaz Culfa-Ordubad rayonlarının qazpaylayıcı şəbəkəsinə ötürülür. Astarada yeni kompressor stansiyası vasitəsilə Qazıməmməd-Astara xətti ilə İrana ildə 1 mlrd.kubmetr qaz nəql etmək imkanı vardır. Qazıməmməd-Astara kəmərində bır sıra əlavə təmir-bərpa işləri hesabına İrana mübadilə qazından əlavə 2 mlrd.kubmetr qazın nəqli də mümkün ola bilər. Nəql həcminin artırılması istiqamətində nəzərdən keçirilən varinatlardan biri kimi Səngəçal baş qurğularından Astaraya qədər yeni qaz kəməri çəkməklə “Şahdəniz” yatağından hasil edilən qazın İranın magistral qaz sisteminə birbaşa və daha artıq həcmlərdə verilməsini də xüsusi qeyd etmək olar.
Bütün bunlar Azərbaycan, Rusiya və İran arasında enerji sahəsində əməkdaşlıq perspektivlərinin zəngin tarixi ənənələrə söykəndiyini, mövcud infrastrukturun bu perspektivlərin reallığa çevrilməsi üçün geniş imkanlar yaratdığını və ölkələrimizin bu imkanlardan qarşılıqlı faydalı şəkildə istifadə niyyətlərini göstərir. Azərbaycan, Rusiya və İran prezidentlərinin avqust görüşü ölkələrimizi bu xoş məram ətrafında daha da yaxınlaşdıraraq regionun sabitlik və inkişafına töhfə olacaq, eyni zamanda Azərbaycanın enerji ölkəsi kimi mövqeyinin daha geniş əhatədə təsdiqlənməsinə və bu mövqeyin bir qədər də güclənməsinə imkan verəcəkdir.