SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, iyulun 15-də Ağdaş rayonunun Pirkəkə, Oğuz rayonun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Ağdaş rayonunun 225 abonenti olan Pirkəkə kəndinin birpilləli sistem əsasında yenidən qazlaşdırılması üçün ümumi uzunluğu 17736 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilmişdir.
Oğuz rayonun 1359 abonenti olan Xaçmaz kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 135 kilometr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilmiş, 1359 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Rayonun 391 abonenti olan Sincan kəndinə də ilk dəfə təbii qaz verilmişdir. Bu məqsədlə 42 kilometrə yaxın qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.