SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq, iyunun 14-də Salyan və Cəlilabad rayonlarının daha 2 kəndinə təbii qaz verilmişdir.Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Salyan rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 477 abonenti olan Çadırlı kəndinin yenidən qazlaşdırılması məqsədi ilə 41933 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Həmin gün cəlilabadlılar üçün daha əlamətdar olmuş, rayonun 328 abonentlik olan Sərhədabad kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanmışdır ki, birpilləli sistem əsasında həyata keçirilən qazlaşdırma işləri zamanı 24497 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Çıxış edən kənd sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.