logo

Neft qiymətlərini proqnoz etmək niyə mürəkkəbləşib – şərh

Views: 58
Cari ildə neftin ən aşağı və yuxarı qiymətləri arasındakı fərq 90 faizə qədər artıb
neft-tuman“Neftin qiyməti hazırda özünün cari ildəki pik həddindən enməyə doğru istiqamət götürüb. Brent markalı neftin 1 barelinin ən yüksək qiyməti iyun ayının 9-da London birjasında 52,86 dollar çivarında qeydə alınmışdı. Bundan əvvəl isə ən aşağı qiymət 2016-cı ilin yanvarın 20-də olmuşdu: 27,88 dollar. Göründüyü kimi aşağı hədlə yuxarı qiymət arasında diapazon çox yüksəkdir: 89,6%. Baxmayaraq ki, cari ilin 5 ayının nəticələrinə görə Brent markalı neftin orta qiyməti 38,3 dollar ətrafında olub. Bu o deməkdir ki, neftin qiymətlərində stabillik yoxdur və onu proqnoz etmək getdikcə mürəkkəbləşir. Çünki bazarda qiymətin formalaşdırılması üçün fundamental əsaslar: tələb-təklif münasibətləri hələ əsas faktor kimi önə çıxmağa macal tapmır.
 Əgər yanvarda neftin kəskin ucuzlaşması əslində spekulyativ ajiotajla (ekspertlərin, bankların, reytinq agentliklərinin bədbin iqtisadi proqnozları) əlaqədar idisə, sonradan neftin qiymətinin yüksəlməsi və bu yüksək qiymətin bazarda mütəmadi “qızdırılması” OPEK və OPEK-ə daxil olmayan hasilatçı ölkələrin cari il üçün istehsal həcmlərinin “dondurulması” əməliyyatı ilə bağlı idi. Təbii ki, bu arada bir sıra munaqişə (Nigeriya və Liviya) və fövqəladə hadisələr (Kanadada neft yataqları ətrafında meşə yanğınları) də bazarda qiymətlərin artmasına gətirib çıxarmışdı. Reallıq isə ondan ibarətdir ki, OPEK iyun ayındakı konfransında kvotalara dəyişiklik etmədi və bazarda tələbi üstələyən gündəlik 1,5 milyon barel neft qalmaqda davam edir.
Bundan əlavə bunker nefi (anbarlarda və tankerlərdə ehtiyat kimi saxlanılan həcmlər) amilini də nəzərə almaq gərəkdir. Onların həcmi nə qədər tez azalsa, bazarda neftin minimum qiymətlərindən aralanmaq bir o qədər tez baş verəcək, yoxsa treyderlər daha baha qiymətə tuşlanırlar və o gələn anda bazarı əlavə neftlə doldururlar, nəticədə yaxın perspektivdə neftin indiki zaman üçün yüksək qiyməti (60 dollar) arzu olaraq qala bilər.
Hazırda neftin qiymətinin ucuzlaşmasını isə 40 dollara qədər müşahidə etmək olar, ondan aşağı hədd real deyil. Çünki son 3 ayda 45 dollar ətrafında bir komportlu DƏHLİZ müşahidə edirik: bu, istehsalçıları da qane edir, istehlakçıları da. Baxmayın verilən bəyanatlara – 2016-cı il üçün Brent markalı neftin optimist ssenari ilə orta qiyməti son korrektələrdən sonra 43 dollar, real qiymeti 41 dollara, nüeqativ ssenari ilə isə 39 dollara hesablanıb.
İlham Şaban
“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart