logo

Milli Məclis “Muradxanlı” bloku ilə bağlı neft sazişini təsdiq etdi

Views: 53

buruq2Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Zenit Aran Oil Company Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə baxılıb.

“Report”un xəbərinə görə, layihə barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verərək bildirib ki, sazişin müddəti 25 ildir, əlavə 5 il də uzadıla bilər.

Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, qanun sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Sazişə əsasən, müqavilə qüvvəyə mindikdən sonra layihənin həyata keçirilməsi üçün işçi heyət formalaşdırırlır. Bu zaman Azərbaycan vətəndaşları fəhlələrin 90 faizini, mühəndis-texniki heyətin isə 70 faizindən az olmamalıdır. 5 il sonra sözügedən göstəricilər artırılaraq müvafiq olaraq 95 faiz və 90 faiz təşkil etməlidir.

Podratçı tərəflər kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini üzərinə götürürlər.

Sazişin qüvvəyə minmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilat planı layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir.

Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində SOCAR yazılı şəkildə podratçıdan bu proqrama hər hansı dəyişikliyin edilməsini tələb etmirsə, proqram təsdiq olunmuş sayılır.

Sənəddə, həmçinin torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Caspian Barrel xatırladır ki, “Muradxanlı” bloku ilə bağlı Hasilatın Pay Bölgüsü Sazişi (PSA) SOCAR (20%) ilə “Zenit Aran Oil Company Limited” şirkəti arasında (80%) 16 mart 2016-cı il tarixində Bakıda imzalanmışdı. Müqavilə sahəsi 642,4 kv. km. Blokun çıxarıla biləcək ehtiyatları 1,8 milyon ton neft və 36 milyon kubmetr qaz təşkil edir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart