Dünya iqtisadiyyatında cərəyan edən qlobal və regional proseslərin 2015-ci ildə Azərbaycan üçün təsirləri minimum olub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov “Sosial biznes – inkişafa aparan yol” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, buna (minimum təsirə) ölkə rəhbərliyinin siyasəti, qeyri-neft sektorunun inkişafı üçün görülən tədbilər yardım edib.
N.Əmirov qeyd edib ki, ötən il ərzində Azərbaycan ÜDM-i 1,1 faiz artıb, adambaşına düşən ÜDM-in həcmi isə 5703 manat təşkil edib.
O əlavə edib ki, Azərbaycanın əsas kapitalına 15,9 milyard manat sərmayə qoyulub ki, bunun 56 faizini daxili sərmayələr təşkil edib.
N.Əmirovun sözlərinə görə, dünya bazarlarında hazırkı vəziyyət aparılan islahatların genişləndirilməsini və sürətləndirilməsini şərtləndirir.
Caspian Barrel xatırladır ki, 2016-cı il 16 mart tarixdə Azərbaycan Prezidenti İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:
İşçi qrupunun rəhbəri
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi.
İşçi qrupunun üzvləri:
İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini
Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Emin Hüseynov – ADA Universitetinin prorektoru.
İşçi Qrup cari ilin sentyabrın ortalarınadək 2016-2020-ci ölkə iqtisadiyyatının inkişaf strategiyasını, 2025-ci ilədək uzunmüddətli bir proqramı və nəhayət, 2025-ci ildən sonrakı dövr üçün hədəflərin müəyyənləşdirilməsini hazırlamalıdır.