Azərbaycan, Materiallar

“Qazprom”un Azərbaycana qaz ixracı ilə bağlı müəmmalı bəyanatı – Təhlil

Şirkət özünü elə aparır ki, sanki növbəti danışıqlarda Azərbaycana nə qədər qaz ixrac etməsi ilə bağlı təklifləri qiymətləndirəcək. Bəs reallıqda nə baş verir?

soc-gaz“Qazprom” Rusiya qazının mümkün tədarükləri ilə bağlı iyunda Azərbaycanla danışıqlar aparmağı mümkün sayır.

TASS agentliyinin yayadığı məlumata görə, bunu “Qazprom” şirkətinin İdarə heyətinin sədr müavini Aleksandr Medvedev bu günkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin Rusiya qazının idxalına marağı var: “Yaxın vaxtlarda, hətta ola bilsin Peterburq İqtisadi Forumunda növbəti görüş keçirərək Azərbaycan tərəfinin tələbatını dəqiqləşdirəcəyik”.

Cari ilin 5 ayı arxada qalıb. Ancaq diqqətli oxucuların yadındadır ki, Azərbaycan tərəfi Rusiyadan qaz idxalı məsələsini gündəmə hələ ötən ilin payızından gətirmişdi. Özü də bu “AzMeCo” şirkəti ilə məsələ qapanandan sonra baş vermişdi. Rusiya tərəfi özünü elə elə aparır ki, sanki Azərbaycanın etdiyi təkliflərdən bixəbərdir və bu yaxınlarda baş tutacaq növbəyi görüşdə onun detallarına varmaq niyyətindədir.

Məsələnin xronologiyasını izləsək, görərik ki, bu heç də belə deyil.

Hələ ötən ilin sonunda SOCAR prezidenti Rusiyaya səfər edib “Qazprom” rəhbərliyi ilə Azərbaycanın 2016-cı il üçün mavi yanacaq idxal etmək planlarını olduğunu çatdırdı.

Bunun detallarını elə Rövnəq Abdullayev 2016-cı il fevralın əvvəlində Londonda keçirilən ənənəvi “Neft Həftəliyi” günlərində Rusiyadan olan jurnalistlərə açıqlamışdı: Azərbaycanın planı ildə 3-5 milyard kubmetr qaz idxalı məsələsini reallaşdırmaqdır. Burada məqsəd “Azəri-Çıraq-Günəşli” dəniz neft yataqlarında hasilatın yaxın illərdə stabilləşdirilməsinə nail olmaq üçün neft quyularına daha çox qaz vurulmasına nail olmaqdır. Hazırda isə BP və tərəfdaşları bu blokdan 3 mlrd kub metrə yaxın səmt qazını Hasilatın Pay Bölgüsü Sazişinə (PSA) uyğun olaraq Azərbaycan tərəfinə verirlər. Bu qaz həcmləri neft laylarına kifayət qədər vurulmadıqda neft həcmlərinin azalması semt gazqaçılmazdır. Ya da daha böyük investisiyalar edib yeni-yeni quyular qazılmalıdır. Ona görə də Azərbaycan tərəfi belə hesab edir ki, indiki şəraitdə qazın ucuz olduğu zaman nefti baha satmaq həm dövlət, həm şirkətlər üçün daha sərfəlidir. Əldə edilən gəlir hesabına həm idxal edilən qazın  pulunu ödəmək olar, həm də dövlətin Neft Fondunda əlavə qazanc əldə etməsinə imkanlar yaranar.

Digər həcmlər isə yeraltı qaz anbarlarının (“Qaradağ” və “Qalmaz”) genişləndiriləndən sonra onların imkanlarından yararlanmaq məsələsini gündəmə gətirməkdir. Belə ki, əvvəllər onların tutumu 2 milyar kub metrdən bir qədər artıq idi. Ancaq aparılan texniki işlər nəticəsində əvvəlcə YQA-nın tutumu 3,5 milyard kub metrə, daha sonra isə 5.5 milyard kub metrə qədər artırıldı. Ancaq Azərbaycan özü heç zaman 3,5 milyard kub metrdən çox ehtiyat toplamayıb bu anbarlarda. Belə olan tərzdə qonşu ölkələrin qazını yaz-yay mövsümündə toplayıb sonra payız-qış mövsümündə onların özlərinin istifadəsinə vermək olar. Azərbaycanın qazancı isə bu xidmətlərdən yararlanmaq, qonşularının mənfəəti isə (həm Rusiyanın cənubu, həm də İranın şimalı onların ənənəvi qaz yataqlarından uzaq ərazilərdə yerləşir və həmin bölgələrin Azərbaycandan təchizatı onlar üçün daha əlverişli sayıla bilər – Caspian Barrel).

SOCAR prezidenti Rövnəq Abdullayev bu fkirləri jurnalistlərə martın 14-də artıq Bakıda da səsləndirib. Daha sonra isə mayın 11-də bir daha qeyd edib ki, “biz Rusiyaya təkliflərimizi vermişik, top onların tərəfindədir”.

Yəni göründüyü kimi, Azərbaycan və Rusiya arasında qazın mümkün alqısı ilə bağlı kifayət qədər görüşlər də olub, təkliflər də verilib, şirkət rəhbərliyi səviyyəsində xatırlatmalar da.  Ancaq “Qazprom” nədənsə…tələsməyib.

Nəticədə, Azərbaycan 2016-cı ilin əsas qış mövsümün pis-yaxsı başa çıxarda bildi. Hələ ki, AÇG-də hasilatın stabilləşməsi yolunda da Azərbaycanın planları işləməyə başlayıb: I rübdə Azərbaycan tərəfinə verilən qazın həcmi ötən illə müqayisədə 2 dəfə azaldılmışdı.

Onda, Rusiyanın qaz monopoliyasının nala-mıxa vurması nəylə əlaqədardır? Bəlkə, SOCAR-ın Gürcüstan bazarında uzunmüddətli yeni müqavilə baölaması onların ürəyincə olmayıb? Ola bilər. Bəlkə Rusiya Azərbaycana Ermənistana satdığı qazdan xeyli baha qiymət təklif edib Azərbaycana? Bu da mümkün bir variantdır. Çünki Kreml Ermənistana qazın qiymətini ötən il  ucuzlaşdıranda və bu ilin aprelində aşağı salanda bunu Gömrük İttifaqındakı vahid tariflər məsələsi ilə izah etmişdi.

Ancaq aprel olaylarından sonra “15-20 dollarlıq endirimlərlə” Azərbaycanı çətin  Kreml öz çətiri altına ala bilsin. Çünki Moskva açıq etiraf edib ki, Azərbaycan onun biznes tərəfdaşıdır, strateji yox. Elə isə Bakıya ancaq kommersiya danışıqları aparmaq qalır…

İlham Şaban

“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri