Mayın 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri “Bulla-dəniz” yatağında yeni inşa edilmiş 6 saylı stasionar dəniz özülünün istismara verilməsi mərasimində iştirak etmişlər.
SOCAR prezidenti əvvəlcə, özüldə çalışan neftçilərlə görüşərək, onları bu əlamətdar hadisə münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Özülə baxış keçirən Şirkət prezidentinə məlumat verilmişdir ki, SOCAR-ın daxili imkanları ilə 2014-cü ildən inşasına başlanılmış bu özülün layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş, istismara hazır vəziyyətdə olan birinci buraxılış kompleksi üzrə tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir.
1 ədəd axtarış və 3 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 19-20 metr dərinliyində quraşdırılmışdır. Yaşayış və istehsalat hissələrindən ibarət özülün ümumi sahəsi 5350 kvadrat metrdir. İstehsalat hissəsi 9 dayaq bloku və 10 aralıq seksiyasından, yaşayış hissəsi isə 2 dayaq bloku və 1 aralıq seksiyasından ibarətdir. Blokların hündürlüyü 32 metrdir. İstehsalat hissəsini yaşayış hissəsi ilə hər birinin uzunluğu 33 metr olan 2 körpü əlaqələndirir. Özüldə 1 ədəd vertolyot, 10 ədəd gəmi yanalma və 4 ədəd minik-düşmə meydançası quraşdırılmış, işçi personalının rahat və təhlükəsiz çalışması üçün 88 nəfərlik vaqon tipli yaşayış evi, 21 sanitar qovşağı, məişət evcikləri, çamaşırxana inşa edilmişdir. Özül yükqaldırma qabiliyyəti 4-28 ton olan 3 ədəd stasionar qaldırıcı kran, 3 ədəd 42 nəfərlik xilasedici qayıq, 9 ədəd 10 nəfərlik xilasedici sal, bioloji sutəmizləmə qurğusu, dəniz suyunu şirinləşdirən qurğu, ventilyasiya, isitmə-soyutma və yanğınsöndürmə sistemləri, nəzarət ölçü cihazları və digər zəruri avadanlıqlarla təchiz edilmiş, radioəlaqə və avtomatika işləri yerinə yetirilmişdir.
Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 2 ədəd dizel elektrik generatoru quraşdırılmışdır. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir. Qeyd olunmuşdur ki, özüldə 5900-6300 metr dərinliyə qazılacaq quyuların hər birindən sutkada 150 ton kondensat və 500 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən “Drilmec 3000 HP land” yeni qazma qurğusundan istifadə ediləcəkdir. Bu qurğu vasitəsi ilə 8000 metrdən artıq dərinliyə malik quyuların qazılması mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması nəzərdə tutulmuşdur. İstismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.
İnşaat işlərinin müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirildiyini söyləyən SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülmüş işlərdən razı qaldığını bildirmiş, özüldə qazılacaq ilk axtarış quyusunda qazma dəzgahını işə salmışdır. SOCAR prezidentinə məlumat verilmişdir ki, layihə dərinliyi 5900 metr olan 78 nömrəli şaquli quyu Məhsuldar Qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədi ilə SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən qazılacaqdır. Əvvəllər özülün yaxınlığında qazılmış quyulardan əldə edilmiş nəticələr “Bulla-dəniz” yatağının şimal-şərq qanadının V və VI tektonik bloklarında məhsuldar qatın VIII horizontunun qaz-kondensat ehtiyatlarına malik olmasına zəmin yaratmışdır. Qazma prosesi ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsi ilə həyata keçiriləcək, quyunun işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaqdır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qazmaçılarla söhbət zamanı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində hasilat və kəşfiyyat işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirlir. “Bulla-dəniz” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayan Rövnəq Abdullayev obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirmiş, ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədirlərin bundan sonra da davam etdiriləcəyini söyləmişdir.