Azərbaycan, Materiallar

“Financial Times” qəzetində BTC haqqında məqalə dərc edilib

btc-isigFinancial Times” qəzetində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri haqqında məqalə dərc olunub və bu layihə yeni İpək Yolu adlandırılıb.

“Report” xəbər verir ki, məqalədə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqil ölkələrin enerji ixracı və təchizatı üçün yeni marşrutlar axtardığı, mümkün layihələrdən birinin Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə və buradan Türkiyənin Ceyhan limanına qədər uzanan 1 770 km uzunluğundakı neft kəməri olduğu qeyd edilib. Bildirilib ki, BTC gündə 1 mln. barel neft nəql etmək gücündə olmalı idi ki, bu da dünyada hazırda gündəlik neft hasilatının 1%-dən biraz çox hissəsi qədərdir: “Bu xəyal reallığa çevrilib və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu yuxunun həqiqətə çevrilməsində əhəmiyyətli rol oynayıb”.

Məqalədə bu layihənin maliyyələşdirilməsi üçün EBRD-nin ayırdığı kreditdən bəhs edilib: “Bu kəmər Azərbaycan və Xəzər nefti üçün qərbə ilk alternativ marşrut idi. Xərclər ilkin olaraq 3,6 mlrd. dollar həcmində qiymətləndirilib. 2003-cü ildə EBRD BTC-yə 12 il müddətinə 125 mln. dollara qədər öz vəsaiti hesabına və 10 il müddətinə eyni həcmdə sindikatlaşdırılmış kreditin ayrılmasını təsdiq edib”.

EBRD-dən əlavə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ “Eximbank”ı, JBIC, “Nexi”, “Hermes”, SACE, “Coface”, ECGD, OPIC və “Societe Generale”, “ABN Amro”, “Citibank” və “Mizuho” kimi kommersiya bankları da BTC layihəsinə maliyyə ayırıb”, – deyə qəzetdə qeyd olunub.

Qeyd edilib ki, BTC ilə yanaşı, Səngəçal terminalından Türkiyəyə qaz nəql edən Cənubi Qafqaz Boru Kəməri də inşa edilib: “Hazırda “Şahdəniz” yatağının ikinci mərhələsindən hasil olunan qazın Türkiyə və Avropaya nəqli üçün Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi həyata keçirilir”.

EBRD-nin enerji və təbii ehtiyatlar üzrə müdiri Rikardo Puliti (Riccardo Puliti) bildirib ki, BTC Xəzərin enerji resurslarını beynəlxalq bazarlara, xüsusilə də Avropaya bağlayan layihələrdən ilki idi. Hazırda Cənub Qaz Dəhlizi layihəsi eyni məqsədlər güdür və Xəzər qazını Avropaya çatdıra biləcək. Məqalədə BTC üzrə danışıqlar prosesi, boru kəmərinin ətraf mühitə təsiri və sosial sahələrdə görülən işlərdən bəhs edilib.

Sonda qeyd olunub ki, enerji bazarında qiymətlərin aşağ düşməsi ilə bəzi investorlar bu sektora vəsait yatırmaqdan çəkinə bilərlər, amma EBRD uzunmüddətli siyasət yürüdür və sərhədləri aşan, enerji təhlükəsziliyinin təmin olunmasına kömək edən layihələrə yardım etməyə hazırdır.