Asiya İnkişaf Bankı (AİB) 2016-cı il üçün Azərbaycanda ÜDM-in azalmasına dair proqnoz açıqlayıb. Bank proqnozlaşdırır ki, ÜDM-in azalma səviyyəsi 1% olacaq . Bu barədə çərşənbə günü bankın saytında dərc edilmiş “Asian Development Outlook 2016” icmalında qeyd olunur.
AİB-in proqnozlarına əsasən, 2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 1% təşkil edəcək.
“Proqnozlara görə, 2016-cı ildə neftin ucuzlaşması və güclü maliyyə stimullaşdırılmasının olmaması ilə əlaqədar Azərbaycan iqtisadiyyatı 1% azalacaq. 2017-ci ildə neftin qiymətinin bir qədər artımı fonunda artım 1% təşkil edəcək”, – deyə icmalda qeyd edilir.
Bankın qiymətləndirməsinə əsasən, neftin ucuz qiymətləri Azərbaycanın fiskal siyasəti üçün ciddi problemdir, çünki gəlirlər neft sektorundan vergi daxilolmaları və Dövlət Neft Fondundan (ARDNF) transfertlərdən son dərəcə asılıdır.
AİB 2016-cı ildə Azərbaycanda inflyasiyanın 12%-dək sürətlənməsini, 2017-ci ildə 5,2%-dək ləngiməsini proqnozlaşdırır.
AİB 2016-cı il üçün Azərbaycanda tədiyyə balansının kəsirini ÜDM-in 0,6%-i səviyyəsində, 2017-ci il üçün profisiti ÜDM-in 1,5%-i səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə Azərbaycan hökuməti ÜDM-in artımını 1,8%, orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb, inflyasiya 4% təşkil edib.
İnterfax-Azerbaijan