SOCAR (Azərbaycan Dövlət Neft Şirkəri) Bakının Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) tikinti layihəsinin reallaşdırılmasına dair fəal fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə Reuters agentliyinə şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov məlumat verib.
O, qeyd edib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bu qərar qəbul edilib.
T.Qəhrəmanovun sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin qəbuledilən səviyyyədə artımı zamanı şirkət bu layihənin reallaşdırılmasını bərpa edəcək.
Vitse-prezident əlavə edib ki, SOCAR H.Əliyev adına NEZ və “Azərikimya” İB-nin müəssisələrinin modernləşməsinə diqqət yönəldəcək.
Xəbər verildiyi kimi, SOCAR 2016-cı ilin I yarısında Yaponiya şirkətləri ilə Bakının Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya kompleksinin tikintisinin birinci mərhələsinin həyata keçirilməsi üzrə danışıqları başa çatdırmağı nəzərdə tuturdu. Bu məsələ ilə bağlı Türkiyədə STAR NEZ-in tikinti layihəsi çərçivəsində Yaponiyanın SOCAR-la birgə işləyən “Mitsui”, “Itochu” və digər şirkətləri ilə danışıqlar aparılıb.
OGPC kompleksinin tikinti layihəsi iki mərhələdə həyata keçiriləcək, birinci mərhələdə qaz emalı zavodu və neft-kimya zavodunun tikintisi, ikinci mərhələdə neft emalı zavodunun tikintisi nəzərdə tutulub. Birinci mərhələ çərçivəsində tikinti işləri 2015-2020-ci illəri əhatə edəcək.
I mərhələnin dəyəri $7 mlrd. təşkil edir və onun 30%-nin dövlət vəsaiti, 70%-nin isə borc vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır. Kreditlər üzrə faizlərin ödənilməsi nəzərə alınmaqla ümumilikdə bu layihənin dəyəri $8,45 mlrd. təşkil edir. Birinci mərhələnin gəlirliliyi 20%-dən çox, investisiya xərclərinin çıxarılma müddəti 4-5 ildir.
Birinci mərhələdə illik istehsal gücü 12 mlrd. kubmetr olan qaz emalı zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilen və polipropilen) istehsalını nəzərdə tutan neft-kimya zavodunun, avtonom enerji bloku daxil olmaqla ümumi zavod təsərrüfatının tikintisi planlaşdırılır.
8,6 mln. ton gücə malik yeni NEZ-in 2030-cu ildə istismara verilməsi nəzərdə tutulur. Neftin emal dərinliyi 95%-ə, açıq neft məhsullarının çıxımı 85%-ə çatacaq.