Türkmənistan

Xəzərin hüquqi statusuna dair növbəti iclas Aşqabadda keçiriləcək

Yanvarın 27-28-də işçi qrupun növbəti iclasına qədər Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış qalan məsələləri Xələf Xələfov jurnalistlərə açıqlayıb

667300_origCaspian Barrel APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib. O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq:

“Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Aşqabadda keçiriləcək görüşündə, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana sammiti öncəsi görüşündə ənənəvi olaraq dənizin hüquqi statusuna dair məsələlərin müzakirəsi davam etdiriləcək”.

Görüşlərdə növbəti Xəzər sammitinin gündəliyində olan məsələlərin müzakirəsinin də istisna olunmadığını deyən X. XələfovAstana sammiti öncəsi bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib:

“Bəzi razılaşdırılmamış məsələlər var. Bu məsələlərin üzərində iş aparılacaq. Eyni zamanda bu ilin 1-ci və ya 2-ci rübündə xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu isə gündəlikdən və məsələlərin xarakterindən asılıdır. Görüşlər və razılaşmalar imkan versə ki, sammitə hazırlığa start verilsin, bu işə başlanacaq. Görüşlərin hamısının son məqsədi sammitin keçirilməsi və vacib qərarların verilməsidir.

Həştərxanda keçirilən ötən Xəzər sammitində bəzi nümayəndə heyətlərinin rəhbərləri bildirdilər ki, ola bilsin, Astana sammitində Xəzərin hüquq statusu razılaşdırılsın. Bütün nümayəndə heyətlərinin bu istiqamətdə istəyi var və səylər göstərirlər. Sammitin keçirilməsi işçi qrupun işindən və nazirlər konfransında prinsipial məsələlər üzrə yekun qərarların qəbulundan asılıdır. Ola bilsin bir və ya iki məsələ sammitə qalsın və elə sammit çərçivəsində həllini tapsın”.

X. Xələfov razılaşdırılmamış məsələlərin müxtəlif olduğunu qeyd edib:

“Bölgü məsələləri var. Həştərxan sammitində dövlət başçıları qərara gəldilər ki, 15 mil enində suverenlik, 10 mil enində balıqçılıq zonası müəyyən olunur. Qalan su səthi ümumi istifadədə olan su səthi sayılacaq. Bununla yanaşı, digər fəaliyyət növləri – elmi tədqiqat işlərinin aparılması, gəmiçilik, hərbi gəmiçilik, hərbi fəaliyyət, hərbi siyasi təhlükəsizlik, ticarət məsələləri var. Bunların bəziləri prinsip baxımından razılaşdırılıb, bəziləri diskussiya çərçivəsindədir. İşlər intensiv davam etdirilməlidir. İşçi qrupunun iclasları da davamlı olaraq aparılır. Düşünürəm ki, əldə olunmuş irəliləyiş imkan verəcək ki, ümumi razılaşmalara nail olunsun”.