logo

Qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər “ASAN xidmət”ə verilir

Views: 161

asan qaz

Rövnəq Abdullayev: 2016-cı ildən tədbirlərin həyata keçirilməsinə start veriləcək

2016-cı il yanvarın 1-dən etibarən təbii qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Abdullayevin sözlərinə görə, əsas məqsəd vətəndaşların rahatlığını təmin etmək və yarana biləcək problemlərin, neqativ halların qarşısını almaqdır.

Artıq bununla bağlı “ASAN xidmət”lə danışıqların aparıldığını diqqətə çatdıran SOCAR-ın prezidenti deyib: “Bundan sonra kim evinə, təsərrüfatına və ya müəssisəsinə qaz çəkmək istəyirsə, lazım olan sənədləri toplayıb birbaşa “ASAN xidmət” mərkəzlərinə müraciət edərək və heç bir vəsait ödəmədən təbii qaz çəkilişinə icazə alacaq. Biz eşidirik, bəzən bu məsələ ilə bağlı vətəndaşlardan, iş adamlarından müəyyən vəsait tələb edirlər. Biz bununla ciddi mübarizə aparırıq. Məhz belə hallar yaranmasın deyə texniki şərtlərin verilməsini “ASAN xidmət” vasitəsilə həyata keçirməyi qərara aldıq”.

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı görülən işlərə də toxunan R.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq, Avropaya ilk Azərbaycan qazı göndərilənədək ölkənin bütün yaşayış məntəqələrinin, ən ucqar kəndlərin maksimum səviyyədə qazlaşdırılması üçün SOCAR tərəfindən xüsusi proqram həyata keçirilir.

İndiyədək təsərrüfat sayı hesabı ilə artıq ölkənin 90 faizinin qazlaşdırıldığını deyən SOCAR-ın prezidenti deyib: “Qalan 10 faiz isə ucqar və, əhalisi az olan balaca kəndlərdir. Elə ucqar kəndlər var ki, 10 təsərrüfatı var, ora 50 kilometr uzunluğunda qaz xətti çəkmək iqtisadi cəhətdən heç cür sərfəli deyil. Biz yerli icra qurumları ilə birgə Azərbaycanın qazlaşdırılacaq bütün yaşayış məntəqələrinin xəritəsini hazırlayaraq ölkə rəhbərliyinə təqdim etmişik. 2018-ci ilə qədər Azərbaycanın qazlaşdırılması işini tam başa çatdıracağıq”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart