Azərbaycandan elektrik enerjisinin Gürcüstan ərazisi ilə Türkiyəyə tranziti ilə bağlı layihənin həyata keçirilməsinə dair razılıq əldə olunub. Bu barədə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze cümə axşamı Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə geniş formatda görüşündən sonra jurnalistlərə məlumat verib.
“Müxtəlif enerji layihələri müzakirə olunub. Çox guman ki, biz artıq sabah Azərbaycanın elektrik enerjisinin Türkiyəyə tranzitinə dair memorandum imzalayacağıq”, – deyə K.Kaladze bildirib və qeyd edib ki, bu, həm Gürcüstan, həm də Azərbaycan tərəfi üçün çox vacib sənəddir.
Onun sözlərinə görə, bu və digər enerji layihələri, o cümlədən SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Gürcüstanda həyata keçirdiyi layihələr azərbaycanlı həmkarlarla görüşdə əsas müzakirə mövzusu olub.
Bununla belə, nazir vurğulayıb ki, hazırda Gürcüstan və Rusiya arasında Rusiya qaznın tədarük həcminin artırılması mümkünlüyü və tranziti məsələləri ilə bağlı aparılan danışıqlar prosesi haqqında söhbət olmayıb.
““Qazprom” barədə söhbət olmayıb. Bir daha izah etmək istərdim ki, Gürcüstan hökumətinin “Qazprom” ilə apardığı danışıqlar hər il baş tutur. Bu danışıqlar həm Saakaşvili, həm Şevardnadzenin prezidentliyi dövründə aparılırb, bu gün də davam edir və yəqin ki, gələcəkdə də davam edəcək”, – deyə K.Kaladze müvafiq suala cavabında bildirib.
Energetika naziri xatırladıb ki, Gürcüstan Rusiyadan Ermənistan istiqamətində keçən boru kəməri vasitəsilə nəql olunan qazın 10%-i əldə edir. “Bu müqavilə hər il rəsmiləşdirilir və bu gün bizim həmin müqaviləni daha bir il müddətinə uzatmaq üçün dekabr ayına qədər vaxtımız var”, – deyə K.Kaladze qeyd edib.
Bununla belə, o əlavə edib ki, Ermənistana nəqlinə görə Gürcüstanın əldə etdiyi 10% qazdan başqa, respublika hər il əlavə olaraq təbii qaz alır.
“Məlum olduğu kimi, əhalimiz “sosial qaz” alır və bu, Azərbaycandan tədarük hesabına tam təmin edilir. Kommersiya qazına gəlincə isə, ötən illər ərzində də buna hər zaman ehtiyac olub”, – deyə K.Kaladze vurğulayıb.
Xəbər verildiyi kimi, K.Kaladze “Qazrpom”un rəhbəri Aleksey Millerlə artıq iki dəfə işgüzar görüş keçirib. Görüşlərdə qaz sahəsində əməkdaşlıq, o cümlədən Rusiya qazının Gürcüstana tədarük və Ermənistana tranzitinin artırılması məsələləri müzakirə olunub.