Azərbaycanda Rusiya təbliğatı əsasən 2 istiqamətdə aparılır: siyasi diskurs və mətbuat. Rusiya tənqid olunmur, amma onun əsas rəqibi olan Qərb (ABŞ və Avropa) hər zaman tənqid hədəfinə çevrilir.
Hakimiyyət təmsilçiləri, onlara yaxınlığı ilə seçilən millət vəkilləri, QHT nümayəndələri, media dəfələrlə Qərbin Dağlıq Qarabağ probleminin həllində ikili standartlarını, insan hüquqları məsələsində Azərbaycanın daxili işlərinə qarışmağını əsas gətirərək tənqid edirlər.
Artıq bu tənqidlər yalnız hakimiyyətyönlü medianın yox, onların bu fikrə hazırladığı ictimaiyyət qarşısında çıxış edən birinci şəxsin dilindən səslənməyə başlayıb.
İlham Əliyev deyib ki, “İslamofobiya və ayrı-seçkilik” fonunda Azərbaycanın bu məkana inteqrasiya etməyə ehtiyac yoxdur. O, regionda sabitliyin təminatçısı kimi Rusiya ilə münasibətləri gördüyünü deyib.
Dağlıq Qarabağ münaqişəsi
Rusiya ABŞ və Fransa ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üzvüdür, lakin bir dəfə də olsun münaqişənin 20 ildən artıq bir müddət ərzində həll olunmamasında Rusiyanın ünvanına hansısa tənqidi fikirlər səslənməyib.
“Günah keçisi” rolunda isə hər zaman Amerika və Fransadır.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya KİV-nə müsahibəsində deyir: “ABŞ tərəfindən Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə dəstəyi göstərilir, halbuki qitənin digər regionlarındakı analoji vəziyyətlərdə ABŞ sanksiya siyasəti həyata keçirir və maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir.”
“Qarabağ münaqişəsinin həllinin açarı Rusiyadadır”, “Lazım gəlsə, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik” kimi fikirləri də cəmiyyət əzbərləyib.
Amma bir məsələ unudulur. Gümridə Rusiya hərbi bazası var ki, bunun da icarə müddəti 2044-cü ildə bitir.
Kollektiv Təhlükəsizlik Təşkilatının nizamnaməsinə əsasən, üzv dövlətlərdən birinə hücum bütün üzv dövlətlərə hücum deməkdir və əgər Ermənistana hər hansı bir dövlətdən hücum olunarsa, o zaman ona yüksək səviyyədə təhlükəsizlik zəmanəti verməkdədir.
Rusiyanın Azərbaycana olduğu kimi, Ermənistana satdığı silah-sursatla da bağlı faktlar var.
Bütün bunlardan sonra Rusiya Azərbaycanın strateji tərəfdaşı kimi təqdim olunur.
Hakimiyyət yalnız özlərinə yaxınlığı ilə seçilən media quruluşlarına açıqlama verir, onlar isə “qadağan olunmuş “ mövzulardan sual vermir.
Siyasət
Azərbaycan hakimiyyəti son 10-12 il ərzində Rusiyanı qıcıqlandıracaq hansısa addım atmayıb. Bu illərə qədər Azərbaycanda XİN parlament səviyyəsində NATO ilə sıx siyasi proseslərlə bağlı danışıqlara gedirdi.
2007-ci ildə Azərbaycanın Milli Təhlükəsizliklə bağlı qəbul etdiyi konsepsiyasında göstərilirdi ki, Avro-Atlantik məkana inteqrasiya dövlətin əsas strateji xəttidir.
2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi məcbur etdi ki, Azərbaycan öz strateji sənədlərinə yenidən baxsın. 2008-ci ilin sonunadək qəbul olunmalı hərbi doktrina 2010-cu ilin yanvarında təsdiq olundu.
Bundan sonra qəbul edilmiş hərbi doktrina milli təhlükəsizliklə bağlı konsepsiya ilə ziddiyyət təşkil etdi.
Bu ilin avqustunda Putin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacağı ilə bağlı fikir yürütdü. Bugünədək ortada hökumətin buna reaksiyası yoxdur.
Rusiya özü də maraqlıdır ki, Azərbaycanın Qərblə münasibətləri kəskinləşsin. Belə ki, Kreml rəsmiləri Azərbaycanla bağlı çıxışlarında deyirlər ki, Qərb Azərbaycanda çevriliş hazırlayır, bu ölkədəki inkişafı görmür. Təbii ki, yerli TV kanalları da bunu tirajlayır.
Ötən həfətinin sonunda Azərbaycanda Parlament seçkiləri keçirildi. ATƏT ölkəyə müşahidəçi göndərməkdən imtina etdi. Seçkini müşahidə etmiş MDB və Rusiyadan olan nümayəndələr seçkilərin demokratik şəraitdə keçdiyini deməklə yanaşı, Qərbin də “bostanına daş atmağı” unutmadılar və dedilər ki, ATƏT seçkini müşahidə etməyə gəlməməklə səhv edib.
Neft və qaz
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan siyasi eitasının ən böyük problemi budur ki, onlar dünyaya Kreml pəncərəsindən baxır, məlumatı ancaq rus dilində, özü də Kremlə yaxın mənbələrdən alırlar.
“Rusiya mediasının israrla yeritdiyi fikir budur ki, dünyada neftin qiymətinın aşağı enməsi siyasi qərardır və məhz Rusiyaya qarşı yönəlmiş addımdır. Dünyada 10 iri neft şirkətinin 9-u Avropa və ABŞ şirkətləridir. Kremlin məntiqinə görə, Qərb neftin qiymətini salıb, öz şirkətlərinin gəlirini və onların vergilərini azaldır”, Cəfərli deyir.
İqtisadçının qənaətinə görə, 2016-ci ilin büdcə layihəsində demək olar ki, bütün xərclər azaldılıb, amma müdafiə xərcləri 4,4 faiz artıb. Xərclərin artmasının tək səbəbi var: “Hökumət Rusiyadan hər il bəlli miqdarda silah almağa söz verib, bu da Kremlə “mədəni rüşvətdir”.
Rusiyanın təcili valyutaya, ixracatın artmasına ehtiyacı var; enerjidən sonra əsas ixrac məhsulu silahdır.”
Neft və qaz məsələləri üzrə ekspert İlham Şabana görə, əsas hədəf siyasi məsələlərin üzərində qurulub və rəsmi Bakı ilə Kremlin maraqları əsasən 2 amil üzərində üst-üstə düşür: Qərbin insan haqları və demokratiya mövzusunda digər ölkələrin daxili işlərinə sirayət etmək arzularına qarşı və mono-hakimiyyətliliyə təsir edəcək institutların zəiflədilməsi yönümündə.
Ekspertə görə, iqtisadi məsələlərə gəldikdə burada maraqlar haçalanır. 2013-cü ilin sonundan hökumətə yaxınlığı ilə seçilən mətbuat daim onu vurğulayırdı ki, TANAP layihəsi Rusiya qazının Avropaya ixracına yönəlməyib: “TANAP və Rusiyanın “Cənub Axını” layihələri paralel layihələrdir.
Elə ki, birdən sonuncu dayandı və onun istiqaməti dəyişib oldu “Türk axını”, elə həmin media başladı Rusiya qazının əleyhinə yazmağa. Qərb və Türk mediasında “Türk axını”nın gecikməsi ilə bağlı bir açıqlama və ya material çıxanda o saat yerli mətbuatda sevincək yer alırdı.
Yəni, başa düşülürdü ki, “Qazprom”un Yunanıstan üzərindən eyni marşrutla Azərbaycan qazına rəqib çıxmasını Bakıda heç arzulamırlar, baxmayaraq ki, siyasi səhnədə əlaqələrin çox yaxşı olduğunu nümayiş etdirirlər,” əlavə edir İlham Şaban.
Dövlət başçısı isə Azərbaycanın daxili resurslar hesabına yaşaya biləcəyini deyir. “Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur. “
Hazırda Rusiyanın Suriya siyasəti də Azərbaycanı müəyyən mənada pis duruma sala bilər. Çünki, iqtisadi embarqolarla üzləşən Rusiya Əsədə kömək məqsədilə regionda yeganə müttəfiqi olan Türkiyəni də itirdi.
Nəticədə “Cənub axını” qaz layihəsi dayandı. Rusiya isə Suriyadakı qüvvələri Xəzər dənizi üzərindən bombalayır və əgər rəsmi Bakı Rusiya təyyarələrinə Suriyaya girmək üçün koridor versə, yəni Kremlin yanında olsa, istər Qərb, istərsə də Türkiyə ilə münasibətləri korlanacaq.
Seymur KazımovBakıdan BBC Azərbaycanca üçün