SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Kanadanın “Zenith Energy” şirkəti ilə quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunun işlənməsinə dair müqavilə imzalamağı planlaşdırır. Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Müqavilə hazırdır, həmçinin müqaviləni imzalamaq üçün Azərbaycan prezidentindən də razılıq alınıb. İndi ekspertlər müqavilənin texniki detallarını işləyib hazırlayırlar. “Muradxanlı” çox mürəkkəb yataqdır və orada böyük problemlər var, biz onun işlənməsinə dair üçüncü dəfə danışıqlar aparırıq”, – deyə R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
R.Abdullayev yeni müqavilənin imzalanma tarixi və SOCAR-ın bu müqavilədə iştirak payı barədə məlumat verməyib.
Daha əvvəl “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarının işlənməsi ilə “Muradkhanli Operating Company” (MOC) məşğul olurdu. Bu blokun işlənməsinin operatoru “Ramco” şirkəti idi. PSA tipli müqavilə 1998-ci il iyulun 21-də imzalanmış və həmin il noyabr ayının 27-də qüvvəyə minmişdi. Yatağın ehtiyatları SOCAR-ın mütəxəssisləri tərəfindən 60 mln. ton neft səviyyəsində qiymətləndirilmişdi.
Müqaviləyə əsasən, “Ramco” şirkəti ərazidə iki kəşfiyyat quyusu qazmalı idi. Lakin şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi üçün müqavilə ləğv edilib və quyular SOCAR-ın balansına qaytarılıb.
2012-ci ilin may ayında SOCAR və Vyetnamın “Vyetnam Oil and Gas Group” (Petrovyetnam) şirkəti “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunun reabilitasiyası, kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü haqqında müqavilənin əsas kommersiya prinsipləri və müddəaları haqqında saziş imzalayıb. Lakin müqavilə və blokun işlənməsi yarımçıq qalıb.
“Zenith Energy LTD” hazırda Argentina və İtaliyada neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğuldur. Şirkət həmçinin Mərkəzi Asiya və Afrikada neft-qaz axtarışı üçün kəşfiyyat işləri aparır.
2015-ci il sentyabrın III dekadasında “Zenith Energy LTD” Direktorlar Şurası şirkətin Bakıda regional nümayəndəliyinin açılmasına dair qərar qəbul edib. Bu, şirkətin dördüncü ofisidir, qalan 3 ofis Kalqari (Kanada), Genuya (İtaliya) və Buenos-Ayresdə (Braziliya) yerləşir.
* “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci, “Cəfərli” yatağı 1984-cü, “Zərdab” yatağı 1981-ci ildə açılıb. Blokun qalıq ehtiyatları 1,8 mln. ton neft və 36 mln. kubmetr qaz səviyyəsində qiymətləndirilir. Hazırda blokda 77 quyu istismar edilir.