SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, oktyabrın 20-də Salyan rayonunun Sarvan kəndinə təbii qazın verilişi bərpa edilmişdir.Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, 665 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 44 061 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.