logo

Azərbaycan hökuməti bu gedişlə Gürcüstanda mövqelərini itirəcək

Views: 43

Cünki onun rəqibləri bazar uğrunda hər an mübarizə aparırlar, Gürcüstan isə rəqabətdən faydalanmaq yönümündə siyasət yürüdür

gurcGürcüstan hökuməti Azərbaycanın bu ölkənin energetika bazarındakı iştirakını məhdudlaşdırmaq üçün nəinki Rusiya, eləcə də İranla iş aparır.

Virtualaz.org saytı Gürcüstan mənbələrinə istinadən xəbər verir ki, ötən ay Tiflisdə İran ətrafında gedən proseslərə, bu ölkə ilə Qərb arasındakı nüvə anlaşmasına və sanksiyaların ləğvindən sonra hadisələrin necə cərəyan edəcəyinə dair qapalı konfrans olub.

Konfransda İran qazının Gürcüstana nəqli imkanları da müzakirə edilib. Həmin qapalı konfrans barədə məlumatı xarici işlər nazirinin müavini David Dondua bu gün “Azad demokratlar” parlament fraksiyasının üzvləri ilə görüşündə açıqlayıb.

David Dondua deyib ki, Gürcüstan hazırkı mərhələdə ABŞ-ın xahişi ilə İranla tammiqyaslı əməkdaşlıqdan çəkinir.

“Biz amerikalı partnyorlarımızla daimi təmasdayıq. Onlar xahiş edirlər ki, İran Vyana razılaşmasında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu ölkə ilə tammiqyaslı əməkdaşlıqdan çəkinək. Bu öhdəliklərə əməl edilməsi üçün son müddət dekabr ayıdır”– deyə nazir müavini bildirib.

David Dondua məlumat verib ki, məhz amerikalıların bu xahişi kontekstində bu yaxınlarda İran aviaşirkətlərindən birinin Gürcüstana uçuşlara başlamaq barədə xahişi rədd edilib.

Bununla belə xarici işlər nazirinin müavini bildirib ki, Gürcüstana İranla münasibətlərdə bir qədər sərbəst məkan lazımdır. Çünki İran mühüm regional iqtisadi tərəfdaşdır.

“Biz amerikalılardan xahiş edirik ki, regionun spesifikasını nəzərə alaraq bizə bir qədər məkan ayırsınlar. Sentyabr ayında Tiflisdə keçirilən qapalı konfransda biz İranla bağlı prosesləri müzakirə etdik. İranın üzərindən sanksiyaların götürülməsi bizim Azərbaycandan aldığımız qazın qiymətini dəyişdirə bilər. Bu, eyni zamanda bizim tranzit potensialımıza da təsir edəcək. İran tezliklə təcrid vəziyyətindən çıxacaq və bunun həm müsbət, həm də mənfi təsirləri olacaq. Biz də buna hazır olmalıyıq”- deyə Dondua bildirib.

Gürcüstanın energetika naziri Kaxa Kaladze də jurnalistlərə açıqlamasında İrandan qaz alınmasına dair intensiv işlər getdiyini deyib. Kaladze təsdiq edib ki, “Qazprom”la Gürcüstanın qazla təchizatına dair danışıqlar gedir.

“Gürcüstanın kommersiya müəssisələri istəsələr “Qazprom”la anlaşıb qaz ala bilərlər”- deyə Kaladze bildirib.

K.Kaladze deyib ki, istənilən inkişaf etmiş ölkə enerji mənbələrini diversifikasiya etməyə çalışır. Gürcüstan da istisna deyil.

“Gürcüstanın qazla təchizatında əsas pay Azərbaycana aiddir. Lakin biz təchizat mənbələrimizi diversifikasiya etməliyik. Bu məqsədlə İran və Rusiya ilə danışıqlar aparırıq”-deyə Kaladze bildirib.

Bəs Gürcüstan İran qazını necə ala bilər? Bu ölkənin İranla birbaşa sərhədi olmadığından hökmən üçüncü ölkə üzərindən tranzit barədə düşünmək lazım gəlir.

Belə ölkə isə ya Azərbaycan, ya Ermənistan ola bilər. Azərbaycanın Gürcüstandakı iqtisadi maraqlarını nəzərə alsaq birinci variantı ağlabatan hesab etmək olmaz.

Digər tərəfdən, bu halda Gürcüstan öz qaz təchizatı marşrutlarını şaxələndirmiş olmazdı. Deməli, mümkün variant Ermənistan ola bilər. Ermənistan çoxdandır ki, İran qazının üçüncü ölkələrə tranzitini həyata keçirmək ideyası üzərində baş sındırır.

Hazırda İranla Ermənistanı birləşdirən kiçik diametrli qaz kəməri mövcuddur. Ermənistan hökumətində müzakirə olunan plana əsasən bu kəmərin ötürücülük qabiliyyətini artırmaqla üçüncü ölkələrə qaz nəqli mümkün ola bilər.

Bu baxımdan istisna deyil ki, Gürcüstanda İran qazına çıxış barədə müzakirələr apararkən Ermənistan üzərindən tranzit imkanlarını nəzərdən keçirirlər.

Azərbaycan onsuz da qazı Gürcüstana ucuz satır. Gürcüstan milli statistika agentliyi “Geostat”ın məlumatına əsasən 2014-cü ildə Gürcüstan “Şahdəniz-1” yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, “Şahdəniz-2” yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb.

Bundan əlavə, 2008-ci ildə bağlanmış müqaviləyə əsasən Gürcüstan Azərbaycandan güzəştli qiymətə daha 500 milyon kubmetr qaz alır.

Əhali üçün nəzərdə tutulan bu qazın min kubmetrinə görə Gürcüstan 189 dollar ödəyir. Həmçinin 2014-cü ildə Gürcüstandan Azərbaycandan kommersiya qiymətinə (min kubmetri 240 dollardan) 400 milyon kubmetr qaz alıb.

Beləliklə, Azərbaycanın Gürcüstana satdığı qazın min kubmetrinin orta qiyməti cəmi 131,25 dollar təşkil edib (Azərbaycan əhalisinə qazın min kubmetri 100 manatdan satılır).

Belə olan halda Gürcüstan hökumətinin Azərbaycandan daha çox güzəşt qoparmaq niyyəti iki ölkə arasında münasibətlər və Bakının çətin məqamlarda Tiflisə verdiyi dəstək baxımından anlaşılmaz qalır.

Görəsən, Bakıda Gürcüstanın “Gürcü arzusu” koalisiyasının və onun boz kardinalı Bdzina İvanişvilinin nə etmək istədiyini araşdıran varmı?

Fərhad Məmmədov

Virtualaz.org

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart