“Azəri-Çıraq-Günəşli” blokunun işlənməyə başlandığı 1997-ci ilin noyabr ayından 1 sentyabr 2015-ci il tarixinə qədər blokdan 375,5 mln. ton neft hasil edilib. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi mətbuatda dərc edilmiş məqaləsində məlumat verib.
“Bu dövr ərzində (1997-ci ilin noyabr ayından etibarən) blokdan həmçinin 115,5 mlrd. kubmetr səmt qazı hasil edilib”, – deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, blokdakı 87 istismar quyusundan sutkada 85 min tondan artıq neft və 35 mln. kubmetr səmt qazı hasil edilib. Bundan başqa, AÇG blokunun işləndiyi dövr ərzində və 1 sentyabr 2015-ci il tarixinə olan vəziyyətə görə 205,4 mln. ton mənfəət nefti satılıb.
Cari ilin 8 ayı ərzində AÇG blokundan 20,9 min ton neft hasil edilib ki, bunun da 64%-i və ya 13,3 min tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.