Türkiyənin neft-qaz şirkəti (TPAO) Türkmənistanın Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri layihəsi ilə bağlı təklifini nəzərdən keçirir. Bu barədə Trend-ə eksklüziv müsahibəsində TPAO-dan bildirilib.
Şirkətdən məlumat verilib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Türkiyə şirkətlərini TAPİ-nin reallaşdırılmasında iştirak etmək üçün dəvəti cəlbedici təklifdir: “Hazırda Türkmənistanın təklifi nəzərdən keçirilir”.
Qeyd edək ki, avqustun 10-da Türkmənistan prezidenti Ankaraya rəsmi səfəri zamanı Türkiyə şirkətlərini TAPİ layihəsində iştirak etməyə çağırıb.
Qaz kəmərinin uzunluğu 1800 kilometr, layihə gücü isə ildə 33 milyard kubmetr təbii qaz təşkil edir. Kəmərin 200 kilometri Türkmənistan ərazisindən, 773 kilometri Əfqanıstandan, 827 kimometri isə Pakistandan keçməlidir. Marşrut Herat , Qəndəhar (Əfqanıstan) və Kvetta (Pakistan) rayonundan keçməklə, Türkmənistanın “Dövlətabad” yatağından Hindistan-Pakistan sərhədindəki Fazilaka məntəqəsinə kimi planlaşdırılıb.
İlkin hesablamalara görə, qaz kəmərinin çəkilişi 10 milyard dollardan baha başa gələ bilər.