Bu gün Azərbaycan Milli Bankının təsdiq etdiyi rəsmi məzənnəyə görə 1 ABŞ dolları 1,0486 AZN olub. Valyutadəyişmə məntəqələrində səhər saatlarında 1 ABŞ dollarını əhalidən 1,0423 – 1,0427 kursu ilə alsalar da axşamüstü dollara tələbatın artması ilə əlaqədar olaraq saat 17 radələrindən sonra satış kursuna kəskin korrektə ediblər.
Caspian Barrel-in bazar iştirakçılarına istinadən verdiyi xəbərə görə, axşama doğru əhalidən 1,0439 kursu ilə almağa başlayıblar. Satış isə 1,0520 – 1,0530 aralığında həyata keçirilib. Hətta bəzi valyuta dəyişmə məntəqələri dollar satışını dayandırıblar. Bildirilənə görə, bu sadəcə həmin məntəqələrdə yetərincə dolların olmaması ilə əlaqədar olub.
Əhalidə dollara maraq yenidən yüksəlib. Bu da neft qiymətlərinin ucuzlaşması, Rusiyada rublun bu fonda ucuzlaşması və nəhayət, Qazaxıstan milli valyutası – tengenin bu gün yeni devalvasiyası xəbərlərindən qaynaqlanır. Artıq sosial şəbəkələrdə infrmasiyalara rast gəlmək olur ki, yaxın günlərdə Azərbaycanda da qiymətlərin artması qaçılmaz olacaq, çünki neft hasil edən qonşu MDB ölkələrində bu proses baş verdi.
Ancaq məsələ bundadır ki, Azərbaycanda qiymətlərin bahalaşması neft qiymətlərinin 60 dollardan aşağı düşməsindən əvvəl başlayıb və hökumət bu prosesi hazırda “yumşaq şəkildə” aparmağa çalışır ki, hər hansı bir şəkildə ajiotaja səbəb olmasın.