Bu ilin fevral və aprel aylarında isə keçən ilin iyun ayından başlanan ucuzlaşma prosesi sabitləşmişdi. Buna nəzərən optimist fikir yaranmışdı ki, kəskin ucuzlaşma artıq, arxada qaldı. Lakin görünür, neftlə bağlı uzunmüddətli proqnoz vermək doğru addım deyilmiş.
Neft “oyun” oynayır
Məslə ilə bağlı ATV.az-a açıqlama verən iqdisadçı Pərviz Heydərov bildirir ki, neftin hasilatı və satışı, daha doğrusu təklifi və tələbi üzərində artıq, bu sahədə əsas diqqət sahibləri də deyəsən, nəzarəti itiriblər. Əgər, bu dəqiqdirsə, çox təhlükəli tendensiyadır:
“Hazırda qiymətlər 50 dollardan demək olar ki, aşağı səviyyədədir. Əsas narahatçılıq doğuran məqam isə ondan ibarətdir ki, qiymət 40 dollara və bundan da aşağı düşə bilərmi? Vaxt olub ki, qiymətlər 30, hətta 20 dollardan da aşağı səviyyədə olub. Lakin dünya iqtisadiyyatının həmin vaxtları çoxdan arxada qalıb. Belə ki, neftin qiymətinin ucuzlaşmasının hazırda psixoloji həddi 50 dollardan aşağı hesab olunursa, 40 dollar və ondan aşağı düşərsə bu təhlükəli hal yaradacaq”.- deyə P. Heydərov bildirib.
Bəs, bu proses nəylə nəticələnə bilər?
“Bu oyun belə göstərir ki, onun hasilatı və satışı – təklifi ilə tələbi üzərində artıq, bu sahədə əsas diqtə sahibləri nəzarəti itiriblər. Başqa sözlə desək, neftin qiymətinin ucuzlaşması bir növ bumeranqa çevrilib”.- deyə bildirən P. Heydərov iri neft hasilatçısı olan şirkətlərin sürətlə zərərə gediklərini qeyd edib:
“Məlumdur ki, ABŞ dünya neft bazarların bir nömrəli söz sahibidir. Bu ölkədə çıxarılan şist neftinin özü ilin əvvəlindən bəridir zərərlə başa gəlir. Çıxarılanın maya dəyəri ödənilmir, üstəlik əlavə investisiyalar həyata keçirmək mümkün sayılmır. Odur ki, biz, yenə təkrar edirik ki, neftin qiymətinin 50 dollardan aşağı düşməsini heç də iqtisadi faktorlarla izah etmək olmaz”.
Neftin enişi Azərbaycan iqtisadiyyatına nə qədər təsir edəcək?
“Neftin ucuzlaşmasının “döşəmə” həddi var. İnandırıcı deyil ki, neft 40 dollardan da aşağı düşsün. Bazara İran da girsə hasilatın xərci var. Maya dəyərdən əlavə, istehsalı saxlamaq və genişləndirmək üçün vəsait lazımdır.
Bu mənada, Azərbaycan üçün ciddi təşvişə düşməyə dəyməz. Ölkəmizdə neft hasilatı SOCAR-a bir barel üçün təqribən 15-16 dollara başa gəlir. Sadəcə, xərcləri düzgün təşkil etmək lazımdır. Onsuz da bizdə neft hasilatı enir. Odur ki, yeni hasilat üçün ölkəmizdə də müvafiq investisyalara ehtiyac var. Lakin neft hasilatının real vəziyyəti üçün dünya bazar qiymətləri təhlükə törətmir. Sadəcə, manatın neftə bağlılığı faktorundan yaxa qutarmaq lazımdır. Bunun üçün isə qeyri-neft sektorunun inkişaf etdirilməsi vaxt aparacaq. Hələliksə, iqtisadiyyatın əsas sektorları və xüsusən də aparıcı subyektləri üzrə mövcud qeyri-leqal gəlir və dövriyyə mənbələrinə qarşı “müharibəyə” başlamaq lazımdır. AZAL, Dəmir Yolları, Xəzər Dəniz Gəmiçiliyi, Azərenerji kimi qurumlarda və digər sahələrdə “qara qızıldan” qiymətli gəlir mənbələri var və hətta tam gücü ilə “işlək” vəziyyətdədir”.
Pərviz Heydərov, iqtisadçı-ekspert
ATV.az