logo

Neft Fondu: məqsədimiz spekulyativ gəlir əldə etmək deyil

Views: 72

Neft Fondu ANS-in suallarını cavablandırarkən hansı incəlikləri açıqlayıb?

neft_fond2– Dövlət Neft Fondu indiyə qədər faktiki olaraq Çin yuanına və Çin qiymətli kağızlarına nə qədər investisiya yatırıb?

– Məlum olduğu kimi, ARDNF 2012-ci ildən etibarən uzunmüddətli dövr ərzində vəsaitlərdən əldə olunan gəlirliliyin artırılması eləcə də investisiya portfelinin yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində səhmlər və daşınmaz əmlak da daxil olmaqla bir sıra yeni maliyyə alətlərində yatırımlarla yanaşı, Avstraliya dolları, Türkiyə lirəsi və Rusiya rublu kimi valyutalarda da ifadə olunan müvafiq aktivlərə investisiyalara başlamışdır.

Cari ilin 1 iyul tarixindən isə, Fond tərəfindən ilk dəfə Çin yuanında ifadə olunan adıçəkilən ölkənin suveren və dövlətə bağlı maliyyə təsisatlarının istiqrazlarına yatırımlar edilmişdir. Burada əsas məqsəd əlbəttə ki, Fondun valyuta səbətinin yüksək diversifikasiyasının təmin edilməsi ilə yanaşı hal-hazırda dünyanın ikinci ən böyük iqtisadiyyatı olan və yaxın gələcəkdə ölkənin pul vahidi olan yuanı əsas beynəlxalq ehtiyat valyutasına çevirməyi hədəfləyən bir ölkənin maliyyə bazarlarına yatırımların həyata keçirilməsi olmuşdur.

Bildiyiniz kimi, Çin maliyyə bazarlarına xarici kapital axınında ciddi məhdudiyyətlər mövcuddur və ARDNF yalnız Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya aldıqdan sonra, bu valyutada ilkin yatırımlarına başlamışdır.

İlkin investisiyalar 1 iyul tarixindən başlanılıb və istiqrazların hazırki dəyəri faiz gəlirləri də daxil olmaqla 3,020,554,854.99 Çin yuanı təşkil edir.

– Çinin milli valyutasının ardıcıl 3 gündə devalvasiyası Neft Fonduna nə qədər ziyan vurub?

– Ümumiyyətlə məzənnə dəyişikliklərindən yaranan gəlir və ya zərərdən danışarkən ilk növbədə qeyd etmək yerinə düşərdi ki, ARDNF-nin idarəetməsində olan vəsaitlərin gəlirliliyinin ölçülməsi onların ifadə olunduqları hər bir valyuta üzrə lokal olaraq aparılır və ümumi portfelin də gəlirliliyinin hesablanması müvafiq çəkilər nəzərə almaqla bu əsasda həyata keçirilir.

Bununla yanaşı ARDNF-nin vəsaitlərinin bazar dəyəri Fondun fəaliyyətini tənzimləyən qanunvericiliyə əsasən investisiya portfeli üçün baza valyutası olan ABŞ dollarında da təqdim olunur və illik əsasda gəlirlilik adıçəkilən valyuta da daxil olmaqla Azərbaycan manatı və Avro da nümayiş etdirilir.

Lakin xüsusilə vurğulamaq lazımdır ki, Fondun istər uzun müddətdən bəri mövcud olan investisiyaları, istərsə də hər bir yeni maliyyə aləti və ya valyuta üzrə yatırımlarında əsas gəlirlilik göstəricisi məhz aktivlərdən kupon, dividend, icarə haqqı, eləcə də qiymət dəyişkənliyindən əldə edilən gəlirlərdir.

ARDNF-nin investisiya siyasətinin mahiyyəti, eyni zamanda yeni yatırımlarla bağlı açıqlamalarında yer aldığı kimi, bir daha qeyd etmək istərdik ki, Fondun vəsaitlərinin idarə olunması strategiyası uzunmüddətli dövr üçün nəzərdə tutulub və maliyyə bazarlarındakı çox qısamüddətli dalğalanmalardan, xüsusilə məzənnə dəyişikliklərindən yarana biləcək mənfəət/zərəri nəzərə almaq və onun Fondun vəsaitlərinin artım tempinin dayanıqlığı üçün təhlükə və ya Fond üçün ziyan hesab etmək qətiyyən düzgün olmazdı.

ARDNF-nin Çin ilə bağlı investisiya strategiyasının məqsədi sadəcə olaraq Çin yuanının ABŞ dolları ilə dəyişdirilməsi ilə məzənnə dəyişikliyindən yarana biləcək spekulyativ gəlirə hesablanmadığından, bu investisiyaları orta və ya uzunmüddətli dövrün sonunda adıçəkilən valyutada ifadə olunan maliyyə alətlərindən əldə olunan gəlirliliklə dəyərləndirmək daha düzgün olardı.

Nəzərinizə çatdırmaq istərdim ki, ilkin olaraq 3,000,000,000.00 Çin yuanı həcmində həyata keçirilən istiqrazların hazırki dəyəri faiz gəlirləri də daxil olmaqla 3,020,554,854.99 Çin yuanı təşkil edir (dövri gəlirlilik təxminən 0.69%).

– Çin hökumətinin milli valyutanı zəiflətmək qərarı Neft Fondunun Çinlə bağlı investisiya planlarına təsir edə bilərmi?

– Ümumiyyətlə, Çinin Mərkəzi Bankı tərəfindən ölkənin milli valyutası olan yuanın devalvalsiyasından danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, keçən ilin yayından etibarən dünyanın əsas ehtiyat valyutaları da daxil olmaqla əksər ölkələrin pul vahidlərinin ABŞ dollarına qarşı ucuzlaşması trendi müşahidə edilir. Burada əlbəttə, ümumdünya maliyyə böhranından sonra ABŞ iqtisadiyyatının artım templərinin xüsusilə Avrozonaya nisbətən daha yüksək göstəricilər nümayiş etdirməsi, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın zəifləməsi amillərini daha ön plana çəkmək olar.

Məlum olduğu valyutalar müxtəlif ölkələrdən asılı olaraq sərbəst üzən məzənnə rejimlərinə, müəyyən aralıqlarla üzən kurslara, sabit təyin edilmiş kurslara malik ola bilərlər. Sərbəst üzən məzənnə rejimlərində valyutaların trendi bazardakı tələb və təklif əsasında formalaşır və kurs müstəqil şəkildə dəyişir (məsələn, Avro, İngilis funt sterlinqi, Yaponiya yeni və s.).

Konkret olaraq Çinin timsalında isə hal-hazırda Çin yuanının məzənnəsi ABŞ dollarınınn da daxil olduğu bir sıra valyutaların daxil olduğu səbətin dəyərinə əsasən müəyyən edilir və Çin Mərkəzi Bankının bu kursu nizamlama imkanları mövcuddur. Lakin bildirmək istərdik ki, Çin Mərkəzi Bankı tərəfindən bu nizamlamanın nə vaxt, hansı istiqamətdə və hansı nisbətdə olacağını proqnozlaşdırmaq mümkün deyil.

Hal-hazırda da bundan sonrakı dövr ərzində Çin iqtisadiyyatının əvvəlki templərlə inkişafını təmin etmək, habelə ölkədə ixracı daha da stimullaşdırmaq məqsədilə bu həftə ərzində Çin yuanınn dəyəri ABŞ dollarına qarşı aşağıya doğru korreksiya edildi (ümumilikdə təxminən 3%).

Qeyd etmək yerinə düşərdi ki, ABŞ dollarının məzənnəsi keçən ilin iyul ayının sonundan bugünə qədər ABŞ-ın əsas ticarət tərəfdaşlarının müvafiq valyutalarının yer aldığı səbətə qarşı təxminən 21%, ayrı-ayrılıqda isə Avroya, Yaponiya yeninə, Kanada dollarına qarşı müvafiq olaraq 16,72%, 17,27% və 16,54% yüksəlmişdir.

Bir daha vurğulamaq istərdik ki, ARDNF-nin Çinlə bağlı investisiyaları uzunmüddətli dövr üçün nəzərdə tutulub və burada əsas məqsəd qısa müddət ərzində maliyyə bazarlarında, o cümlədən məzənnə dəyişikliklərindən spekulyativ gəlir əldə etmək deyil, məhz orta və ya uzun müddətin sonunda adıçəkilən valyutada vəsaitlərin alıcılıq qabiliyyətinin qorunub saxlanılması və adekvat gəlirliliyin əldə edilməsidir.

ARDNF-nin Çin iqtisadiyyatına portfel investisiyaları ilə daxil olmasında Çin yuanı bir vasitədir və onun ABŞ dolları və ya digər valyutalara qarşı məzənnəsinin dəyişməsindən yaranan qısamüddətli gəlir/zərər bu yatırımların ümumi dəyərləndirilməsi üçün düzgün göstərici deyildir. ARDNF-nin Çinlə bağlı investisiya planlarına gəldikdə isə, Fondun investisiya strategiyasının tətbiqi çərçivəsində bu bazar yatırımlardan öncə olduğu kimi hal-hazırda da yaxından izlənilir, müvafiq təhlillər aparılır, müxtəlif investisiya imkanları araşdırılır və gələcəkdə bazar konyukturu da diqqətə alınmaqla digər maliyyə alətlərinə, o cümlədən səhmlərə də investisiyalar nəzərdə tutulur.

“Hesab Vaxtı

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart