Neft bumu bitdimi – ekspertlərdən proqnozlar
Qubad İbadoğlu: “Hətta qiymətlərin əvvəlki səviyyəsində belə ötən illərdə olan gəlirləri əldə etmək mümkün olmayacaq”; İlham Şaban: “Hökumətin ”ağzından çıxan hər kəlmə” ajiotaja da səbəb ola bilər”
“Neft gəlirlərinin formalaşmasına 3 əsas amil təsir göstərir: hasilat, qiymət və xərc. Azərbaycanda neft hasilatının piki 2010-cu ildə olub, o zaman 50,8 milyon ton rekord səviyyədə neft hasil olunub. Elə o zamandan da neft hasilatı aşağı düşməkdə davam edir. Ötən il 2010-cu illə müqayisədə 17,5 faiz və ya 8,8 milyon ton az, bütövlükdə 42 milyon ton neft istehsal edilib. Bu il hasilat aşağı düşməkdədir. Gözlənilir ki, bu il 2010-cu illə müqayisədə istehsalımızın 1/5-ni itirəcəyik”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bu fikirləri “Yeni Müsavat”ın suallarına cavabında bildirdi. Qeyd edək ki, bəzi müşahidəçilər neftin qiymətinin aşağı düşməsini şərh edərkən bunun keçici olduğunu və 2008-ci il qlobal böhranı zamanı yaşananların təkrarlanacağı barədə fikirlər yürüdürlər. Lakin əksini düşünənlər də var. Q.İbadoğlu deyir ki, neftin qiymətinin rolu xüsusi əhəmiyyət kəsb edir: “Məsələn, pik istehsal 2010-cu ildə olsa da, neft gəlirlərinin rekord səviyyəsi Azərbaycanda 2011-ci ildə qeydə alınıb. Çünki 2011-cu ildə qiymət səviyyəsi istehsaldan yüksək idi və istehsalda itkini qiymət hesabına nəinki bərpa etmək mümkün idi, hətta daha çox qazanmaq imkanı var idi. Hazırda isə qiymət həmin illərlə müqayisədə iki dəfədən çox aşağı düşüb”. İqtisadçı alimin fikrincə, xərc amili də gəlirlərə azaldıcı təsir göstərir: “Son məlumatlara görə, hasilat xərcləri də artır. Belə olan halda hətta qiymətlərin əvvəlki səviyyəsində belə ötən illərdə olan gəlirləri əldə etmək mümkün olmayacaq. Ona görə də dövlət başçısı ”nefti unudun” deyəndə yalnız qiymətin ucuzlaşmasına deyil, həm də hasilatın azalmasına diqqəti çəkdi”.

Qiymətin enməsinə rəğmən hökumətin nikbin açıqlamalarının səbəblərini şərh edən ekspert bunu təbii saydı: “Hökumət müxalifətdən fərqli olaraq çıxışlarında həmişə məsələlərə münasibətində soyuqqanlı olur. Bu da başa düşüləndir. Çünki cəmiyyətin gözü qarşısında iqtidardır və onun ”ağzından çıxan hər kəlmə” ajiotaja da səbəb ola bilər, istənilən hökumətin rolu isə stabilləşdirici faktorlara söykənir. Ancaq belə məsələlər elə aparılmalıdır ki, cəmiyyətin hökumətə inamı da olsun”.
Maraqlıdır, Azərbaycan hansısa ciddi krizislə üzləşərsə, xaricdə aldığı mülkləri sata, vəsaitləri ölkə iqtisadiyyatına yatıra bilərmi? İ.Şaban: “Neft Fondu 800 mln. dollarlıq mulklər almışdı, təbii ki, nə vaxt istəsə, sata bilər. Eləcə də qızıl külçələrini. Ancaq baha aldığı şeyi ucuz satmağın nə mənası? Ona görə də bu aktivlərin yaxın ”beşillikdə” təkrar bazara çıxarılması perspektivlərini görmürəm. Həm də Neft Fondu o aktivləri uzunmüddətli aktivlər kimi əldə etdiyini açıqlayıb – yəni özünün investisiya portfelini diversifikasiya etmək siyasəti yürütdüyü üçün 2012-ci ildən başlayaraq belə addımlar atırdı. Ancaq uzaqgörən təhlilçilər bilirdilər ki, neftin bahalı qiymətində həm daşınmaz əmlak, həm də qiymətli metallar bahalı olur”.
Cavid TURAN
“Yeni MUSAVAT” qəzeti