Hökumət yeni devalvasiyaya getməmək üçün sərt addımlar atmaq qərarına gəlib
Azərbaycanda devalvasiya baş verərsə, əhalini və bankları hansı vəziyyət gözləyir? Bu məsələ ilə bağlı sualları hüquqşünas Əkrəm Həsənov cavablandırıb.
– Əkrəm müəllim, ekspertlər Azərbaycanın maliyyə bazarında gedən proseslərin növbəti devalvasiya ilə nəticələnəcəyi qənaətindədirlər. Siz necə düşünürsünüz?
– Mən də hesab edirəm ki, böyük ehtimalla Azərbaycanda növbəti devalvasiya gözlənilir. Bunun da səbəbi hamıya məlumdur ki, neftin qiyməti, eyni zamanda Azərbaycanda neftin ixrac həcmi aşağı düşür. Bu iki amil də gətirib ona çıxarır ki, Azərbaycana daxil olan dolların həcmi enir. Buna görə də dollar çatmır və qıtlıq yaranır. Elə son 2-3 gündə valyutadəyişmə məntəqələrində dollar tapmaq çətinləşib.
Mərkəzi Bank çox deyə bilər ki, “mən bankları dollarla təmin etmişəm”. Hər bir bankın bir arzusu var, pul qazanmaq. Kreditdən qazanır, valyuta dəyişərkən komisyon haqqından qazanır və s. Əgər bankın dolları varsa, niyə satıb pul qazanmır? Deməli, dollar yoxdur, bu da o deməkdir ki, Mərkəzi Bank onları təmin etmir. Daha doğrusu, Mərkəzi Bank elan etdiyi o kursla banklara dollar vermir, satmır.
Bütün bunlar isə onu göstərir ki, vəziyyət həqiqətən pisdir. Amma bütün hallarda düşünürəm ki, yaxın aylarda devalvasiya olmayacaq. Nəzərə alaq ki, rəsmi elan edilən ehtiyatlar 40 milyarddan çoxdur. Düzdür, Azərbaycanda elan edilən statistikaya tam etibar da etmirəm. Tutalım ki, heç 40 milyard yox, lap 20 milyarddır. Bu, elə bir böyük rəqəmdir ki, ölkədə ən azı 6 aylıq dollar tələbatını örtə bilər. Ona görə də hesab edirəm ki, parlament seçkilərinə qədər devalvasiya olmaz. Yəni vəziyyət həddindən artıq ağırlaşmazsa, valyuta ehtiyatlarının hesabına devalvasiyanın qarşısını müvəqqəti almaq olar. Amma uzunmüddətli perspektivdə – ilin sonunda,yaxud gələn ilin əvvəlində devalvasiya ehtimalı var.
Təbii ki, bizə verilən məlumatlar doğru deyilsə və reallığı əks etdirmirsə, devalvasiya tez də baş verə bilər. Təəssüf ki, Mərkəzi Bank son aylarda bununla bağlı heç bir addım atmayıb. Əgər atsaydı, vəziyyət bu həddə gəlib çıxmazdı.
– Devalvasiya baş verərsə, vətəndaşlara, həmçinin banklara dəyə biləcək ziyanın qarşısının alınması üşün hökumət hansı addımları atmalıdır?
– Bu günlərdə Qazaxıstanda baş verən devalvasiyada hansı addımlar atıldığını gördük. Amma gəlin nəzərə alaq ki, Qazaxıstan qanunvericilik nöqteyi-nəzərindən bizdən qat-qat üstündür, qabaqdadır. Hətta deyərdim ki, keçmiş SSRİ ölkələri arasında Qazaxıstan qanunvericiliyi ən güclüdür. Həmçinin, Qazaxıstanın iqtisadiyyatı xeyli inkişaf edib və var-dövləti bizdən çoxdur. Ona görə də Qazaxıstan hökuməti bunu edə bildi.
İnanmıram ki, Azərbaycan hökuməti də eyni addımı ata bilsin. Çünki Azərbaycanda iqtisadiyyat neft-qaz üzərində qurulub və qeyri-neft sektoru inkişaf etməyib. Onlarda isə digər sahələr də inkişaf edib. Bizdə istəsək belə inanmıram ki, belə bir addım ata bilək. Çünki hökumətin buna sadəcə pulu kifayət etməz. Amma başqa bir addım atmaq olar: vətəndaşların banklara dollarla olan kredit borclarını bu günün məzənnəsi ilə manata çevirmək lazımdır.
Həmçinin, Mərkəzi Bank banklara milli valyuta ilə kredit verməlidir. Bunu da qanunla etməlidir, sadəcə etmir. Bu addımı atmaqla vətəndaşlara, biznesə dəyən ziyanı azaltmq olar. Biz həmişə vətəndaşlardan danışırıq, amma biznesmenlərin də xeyli dollarla borcu var. Yəni ölkədə biznes fəaliyyəti olmasa, axırı pis qurtara bilər. Ona görə də bütün borclar milli valyutaya dəyişməlidir. Qazaxıstanın etdiyi ilə müqayisədə bu, elə də böyük addım olmasa da, bunları etmək lazımdır ki, növbəti devalvasiya ağır nəticələrə səbəb olmasın. Elə ilk devalvasiyadan sonra da bu addımlara ehtiyac var idi. İndi də edilməsə, bunun əziyyətini təkcə sadə vətəndaşlar yox, bütün iqtisadiyyat, dövlət çəkəcək.
– Devalvasiyadan sonra bank sektoru ağır duruma düşdü, hətta bir neçə bank bağlanmaq məcburiyyətində qaldı. Növbəti belə proses olarsa, bank sektoruna hansı təsirləri göstərəcək?
– Bankların əksəriyyəti müflis ola bilər. Ona görə ki, çoxunun borcu dollarladır. Xarici ölkələrdən dollarla kreditlər alıblar. Digər problem də odur ki, kreditləri də əhaliyə dollarla veriblər, indi müştərilər qaytara bilmir. Yəni problemli kreditlərin sayı artır. Növbəti devalvasiya olsa, problemli kreditlər dəhşətli həddə çatacaq. Artıq heç kim kreditlərini verməyəcək, verə bilməyəcək.
Eyni zamanda, banklar da xarici borclarını ödəyə bilməyəcəklər. Bu da daha pis nəticələrə səbəb olacaq. Yalnız bir neçə bank var ki, onlar üzdə qalacaq. Hansılar ki, Mərkəzi Bank onlara milli valyuta ilə, onlar da müştərilərinə manatla kreditlər verə bilirdi. Hətta deyərdim ki, belə bankların devalvasiyanın baş verməsində istəkləri, maraqları var. Çünki növbəti devalvasiya onların digər rəqiblərini – bankları sıradan çıxaracaq. Təəssüf ki, bu da Mərkəzi Bankın indiyədək apardığı çox pis siyasətin nəticəsidir. Çünki qanunla Mərkəzi Bank bütün banklara milli valyuta ilə kreditlər verməli idi. Mərkəzi Bank isə bəzilərinə verirdi, bəzilərinə yox. İndi də belə bir vəziyyət alınıb ki, bankların əksəriyyətinə devalvasiya sərf etmir, çünki sıradan çıxacaqlar, bəzilərinə isə sərf edir. Bu da dolayısıyla onu düşünməyə əsas verir ki, Mərkəzi Bank niyə son aylarda devalvasiyanın qarşısını almaq üçün heç bir əməli tədbir görmədi. Misal üçün, niyə ölkədən valyutanın xaricə axınının qarşısını almadı?
Halbuki qarşısını almaq Mərkəzi Bank üçün elə də çətin deyildi. Çünki ölkədə valyuta tənzimləməsini Mərkəzi Bank aparır. Sadəcə qaydalara dəyişiklik etməklə ölkədən xarici valyutanın çıxarılmasının qarşısını ala bilərdi. Alsaydı, bu gün belə bir dollar qıtlığı ilə qarşılaşmazdıq. Etmədiyinə görə, belə düşünməyə əsas verib ki, dövlət maraqlarının əleyhinə, öz maraqları üçün bunu bilərəkdən edib.
“Bizim Yol”