Bu gün Bakıda “Mariott Absheron” otelində “LUKoil” şirkətinin “Şahdəniz” yatağındakı “Mərhələ-2” layihəsindəki payının maliyyələşdirilməsi üzrə kredit sazinin imzalanma mərasimi keçirilib.
Rusiya şirkəti layihənin işlənməsi üzrə maliyyələşdirilməsi üçün $1 mlrd. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.
Caspian Barrel-in məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) hər biri eyni məbləğdə olmaqla cəmi 500 milyon dollar kredit ayırıblar.
Daha 60 milyon dollar isə Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən ayrılıb. Yerdə qalan 440 milyon dollar “Societe Generale” bankı (Fransa), “Bank of China” (Çin), İNG (Hollandiya) və “UniCredit” (İtaliya) bankları tərəfindən cəlb edilib.
AYİB və AİB öz vəsaitləri hesabına “LUKoil”ə krediti 12 il müddətinə ($250 mln. olımaqla) ayırıb, yuxarıda adları çəkilən kommersiya bankları isə 10 il müddətinə veriblər.
“”Lukoil Overseas” şirkətinin hasilat üzrə vitse-prezidenti Sergey Suçok imzalama mərasimində bildirib ki, bu kredit şirkətin enerji resurslarının hasilatı üzrə layihələr üçün bu günə qədər cəlb etmiş olduğu ən iri kreditdir.
““Lukoyl” üçün bu hadisə böyük əhəmiyyətə malikdir, çünki bizim şirkət ilk gündən “Şahdəniz” layihəsində iştirak edir. Bu, şirkətin ilk xarici aktividir”,- deyə S.Suçok qeyd edib.
O, həmçinin deyib ki, “Şahdəniz” layihəsi dünyada ən böyük layihələrdən biridir və onun ikinci mərhələsinin həyata keçirilməsi “Şahdəniz” yatağından qaz hasilatının illik həcmini 9 mlrd. kubmetrdən 26 mlrd. kubmetrə qədər artırmağa imkan verəcək, deyə “İnterfaks–Azərbaycan” xəbər verir.
“Lukoyl” şirkətinin məlumatına əsasən, “Şahdəniz” yatağından pik səviyyədə – 26 mlrd. kubmetr həcmində qaz hasilatına 2022-ci ildə nail olunacaq və bu, 2027-ci ilə qədər davam edəcək.