Tehran Xəzər dənizində neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində birgə işləməyə hazırdır. Bu sözləri İranın Bakıdakı səfiri Möhsün Pakayin deyib.
“Biz Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən Xəzər dənizində neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığa hazırıq”,- deyə M.Pakayin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Diplomat Azərbaycan şirkətlərini Fars körfəzində İranın neft və qaz sektoruna investisiya qoymağa dəvət edib.
“Azərbaycan İran körfəzi regionunda neft və qaz sahəsinə investisiya qoya bilər. Bu, böyük dividentlər gətirən yatırım ola bilər”,- deyə o əlavə edib.
Həmçinin səfir deyib ki, Tehran “Şahdəniz” layihəsində iştirak payını artırmağa hazırdır.
“İran qarşılıqlı razılıq əsasında “Şahdəniz” layihəsində öz payını və investisiyalarını artıra bilər. Bununla yanaşı, biz İran ərazisindən Azərbaycanın qazının svop üsulu ilə nəqli potensialını genişləndirə, neft və qazımızın üçüncü ölkələrə ixracı üzrə birgə əməkdaşlıq qura və investisiya layihələri həyata keçirə bilərik”, – deyə diplomat qeyd edib.
İranın Trans-Anadolu (TANAP) layihəsində mümkün iştirakı məsələsinə toxunan səfir deyib ki, “Azərbaycan və İran mütəxəssisləri İranın bu layihəyə qoşulması məsələsini öyrənirlər”.