PKK terrorçuları bu gecə Qarsın Sarıqamış qəsəbəsindən keçən Bakı-Tiflis-Ərzurum kəmərini partladıblar. Musavat.com “İhlas” agentliiyinə istinadən xəbər verir ki, partlayışdan sonra alov onlarla metr yüksəlib, qaz nəqli dayandırılıb.
Təhlükəsizlik qüvvələrinin tədbirləri gücləndirdiyi bölgəyə giriş qadağan edilib.
Caspian Barrel xatırladır ki, bu kəmərdə terror hadisəsi bundan üç həftə əvvəl eyni ərazidə qeydə alınmışdı. O zaman avqustun 4-də gecə boru partladılan zaman qaz kəmərində mavi yanacaq olmamışdı və texniki ziyandan başqa elə bir xətər olmamışdı. Çünki avqustun 2-də “Şahdəniz” yatağındakı platformada aparılan profilaktiki işlərlə əlaqədar hasilat dayandırılmış və terror hadisəsindən 7-8 saat əvvəl Gürcüstandan Türkiyəyə qazın ötürülməsini təmin edən iki qaz-kompressor stansiyalarının fəaliyyəti tam dayandırılmışdı.
Bu dəfə isə terroristlər Bakı-Tiflis-Qars-Ərzurum kəmərini o zaman partlatmağa nail olublar ki, “Şahdəniz” yatağında hasilat platfoması bir gün əvvəl işini bərpa edibmiş.
BP şirkətindən verilən məlumata görə, hələlik kəmərdəki fövqəladə vəziyyətlə əlaqədar olaraq hasilat qrafikinə dəyişiklik edilməyib. Çünki platformada hasilat tədrican artır və Türkiyə ərazisinə olan məsafəyə qədər borunun tam doldurulması üçün təqribən üç-dörd gün vaxt lazım gələcək.
Əgər bu müddət boru xəttinin bərpası üçün kifayət etməsə, onda BP şirkətinin alternativ imkanları da mövcuddur ki, hasilatı dayandırmadan fəaliyyətini davam etdirsin. Belə ki, Caspian Barrel-ə SOCAR-dakı mənbələrdən məlum olub ki, Azərbaycan tərəfi istənilən həcmdə “Şahdəniz” qazını qəbul edib özünün yeraltı qaz anbarlarına toplaya bilər. Bunun üçün texniki imkanlar mövcuddur.
Qeyd edək ki, Qarsın Sarıqamış qəsəbəsi yaxınlığı görünür terrorçular üçün yaxşı bir məkana çevrilib. Belə ki, bu qaz kəmərində 2012-ci il mayın 29-da ilk terror hadisəsi yaşanmışdı. O zaman terrorun nəticələrini aradan qaldırmaq üçün Türkiyənin dövlət boru şirkəti olan BOTAŞ-a iyun ayının 6-na qədər gərgin işləmək lazım olmuşdu.