logo

SOCAR-da Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Views: 24

tedbir22

İyulun 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində Azərbaycan milli mətbuatının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan jurnalistlərini milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə ürəkdən təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.

Qeyd edilmişdir ki, zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Mətbuatımız həmişə mütərəqqi ideyaların və həqiqətin carçısı olmuş, sağlam, işıqlı fikirlərin təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində, xalqın maariflənməsində, düzgün, obyektiv informasiya ilə müntəzəm təmin edilməsində əvəzsiz rol oynamışdır. SOCAR prezidenti bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına daim xüsusi diqqət yetirmişdir. Ümummilli liderin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir, jurnalistlərin səmərəli, obyektiv fəaliyyətinin təmin olunması, sosial rifah halının yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən böyük bir qrup mətbuat işçisinin yüksək dövlət mükafatlarına layiq görülməsi, dövlətimizin müdrik başçısının jurnalistlərin ən yaxın dostu olduğunu bir daha təsdiq etmişdir. R.Abdullayev vurğulamışdır ki, tarixən jurnalistlərlə neftçiləri sıx tellər bağlamışdır.

Bu əlamətdar gündə tarixi ənənələrimizin davamı olaraq SOCAR rəhbərliyi də neftçilər adından onların çətin əməyini işıqlandıran mətbuat işçilərini təbrik etməyi özünə borc bilmişdir. Bununla əlaqədar 5 nəfər jurnalist şirkətin Fəxri fərmanı ilə təltif olunmuş, bir qrup isə pul mükafatlarına layiq görülmüşdür. Bundan başqa SOCAR-ın mətbuat xidmətinin, habelə “İki sahil” qəzeti redaksiyasının bütün əməkdaşları da mükafatlandırılmışlar.

Şirkətin prezidenti Fəxri fərmanları təqdim etmişdir. Jurnalistlər adından çıxış edən ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev, iqtisadçı ekspert İlham Şaban, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizdə kütləvi informasiya vasitələrinə yaradılmış şəraitdən, diqqət və qayğıdan söz açmış, ölkə rəhbərliyinin gördüyü misilsiz işlərin işlərin işıqlandırılmasında bundan sonra da var qüvvələri ilə çalışacaqlarını bildirmişlər.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart