Bunun perspektivdə SOCAR-a xeyri var
Azərbaycan hökumətinin son il yarımda avtomobil idxalı ilə bağlı tətbiq etdiyi bir sıra sərtləşdirmə metodları artıq öz bəhrəsini verməkdədir. Ölkəyə gətirilən avtomobillərin sayı get-gedə azalır.
Caspian Barrel Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, cari ilin 6 ayında ölkəyə gətirilən avtomobillərin cayı 17 640 ədəd olub. Bunun 15 745 ədədi minik avtomobili, 1 126 ədədi yük avtomobili, 590 ədədi avtobus, yerdə qalanı isə digər kateqoriyadan olan avtomobillər olub. Qeyd edək ki, ötən ilin 6 ayı ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 48,7% azalıb.
Proqnozlara görə, cari ildə ölkəyə ümumi avtomobil idxalı ən yaxşı halda 34 min ədəd təşkil edə bilər ki, bu da ötən ilki göstəricilərlə müqayisədə 46% azalma deməkdir – 2013-cü illə müqayisədə isə 3,1 dəfə.
Avtomobillərin idxalına təsir edən amillər əsasən 2013-cü ilin dekabrında ölkə daxilində yanacağın qiymətinin orta hesabla 33% artırılması oldu. Bundan əlavə Bakı şəhərinin mərkəzi hissəsində avtomobillərin parkinq məsələsində “inqilabi dəyişikliklər” edildi: daha 20 qəpiyə avtomobil saxlamaq mümkün olmadı, ya saatı 50 qəpiyə yerüstü dayancaqlar, ya da saatı 1 manatdan başlayan və iş günü 5-6 manata başa gələn yeraltı parkinqlər. Sonradan bu qaydalar şəhərin mərkəzi hissəsindən daha da geniş hissəni əhatə etməyə başladı. Avtomobil cərimələri sərtləşdirildi. Həmçinin avtomobil sığortaları ilə bağlı məsələlər ciddiləşdirildi, sığortasız avtomobil sürənlərin cəzalandırılması qaydalarının bundan sonra daha da sərtləşdirilməsi gözlənilir. Bundan əlavə hökumət köhnə avtomobillərin ölkəyə gətirilməsi qaydalarını həddən artıq sərtləşdirdi, aksiz vergiləri artırıldı. Yəni insanlar üçün avtomobil saxlamaq artıq real olaraq müəyyən gəlirə bağlanmağa başlayır, əks təqdirdə avtomobil almaq sadəcə əlavə xərcə çevrilir.
Ancaq hökumətin belə bir addım atmasının əslində daha ciddi siqnalı onda idi ki, 2013-cü ildə ölkə ilk dəfə daxili bazarda yanacağın az qala qıtlığı ilə üzləşmək problemi yaşadı: H.Əliyev adına neft emalı zavodunda ilk dəfə Qazaxıstandan tranzitlə keçən bir partiya neft emala göndərildi, Azərbaycan demək olar ki, ixraca benzin yönəltmədi. Bunun səbəbi isə ilk dəfə ölkəyə rekord sayda – 104 min avtomobilin idxalı idi.
O zaman SOCAR hökumətə neft məhsullarının stabil təminatına dair proqram hazırlayıb təqdim etdi. Bu proqrama əsasən, hökumət ölkəyə gətirilən avtomobillərin sayının azaldılması yönümündə addımlar atmalı, ekoloji yüksək standartlara cavab verən avtomobillərə üstünlüklük verməli, ölkəyə müasir avtobuslar gətirilməli və tədricən ictimai nəqliyyat, sonra isə kommersiya nəqliyyatı sıxılmış qaza (bunu 90-cı illərin balon qazı ilə qarışdırmamalı, Amerika və Avropada hətta 30 tonluq TİRlar belə sıxılmış qazla işləyir, çünki onun real oktan dərəcəsi 117 ekvivalentindədir – red.) keçməlidir.
Artıq SOCAR Bakıda sıxılmış qaz doldurma stansiyası istifadəyə verib və yenilərini də tikməkdədir. İlk Avropa Oyunları zamanı Bakıya gətirilən avtobuslar da məhz sıxılmış qazla işləyirdilər.
Bu prosesə artıq start verilib. Nəticəsi isə onunla yekunlaşmalıdır ki, SOCAR ictimai nəqliyyatda, kommersiya nəqliyyatında çox böyük həcmdə istifadə olunan dizel yanacağını sonradan sıxılmış qazla əvəz etmək imkanına malik olacaq və H.Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya işləri başa çatana qədər yüksək keyfiyyətli (Avro-5) yanacaq istehsal etmək imkanına malik olacaq. Ölkənin daxil tələbatını ödəyəndən sonra, həmin yanağı iri həcmdə (ildə 2 milyondan artıq) Avropa bazarına ixrac etməklə stabil gəlir mənbəyi qazanmış olar.