logo

SOCAR: Azərbaycan “Cənub Qaz Dəhlizi”nə sadəcə kommersiya layihəsi kimi baxmır

Views: 58

elshad“Cənub Qaz Dəhlizi” layihəsi dünyada neftin qiymətlərinin dəyişməsindən asılı olmayaraq iqtisadi cəhətdən səmərəlidir. Bu barədə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən “Caspian Oil&Gas 2015” konfransında çıxışı zamanı bəyan edib.

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində uzunmüddətli tranzit müqavilələri imzalanıb. Məhz buna görə Azərbaycan Avropanı uzunmüddətli və etibarlı tərəfdaş kimi qəbul edir”, – deyə o qeyd edib.

Lakin vitse-prezident hesab edir ki, bu, Aİ-nin enerji təhlükəsizliyinin təminatı üçün kifayət deyil.

“Avropa dəfələrlə bəyan edib ki, enerji təhlükəsizliyi təhdid altındadır. O cümlədən Xəzər regionundan alternativ qaz tədarükünün zəruriliyinə dair bəyanatların sayı da çox olub. 2006 və 2009-cu illərdə Avropada qaz böhranı yaranıb. Lakin əslində Avropa bu cür risklərə baxmayaraq, öz təhlükəsizliyinin təminatı üçün az iş görüb”, – deyə o qeyd edib.

E.Nəsirov vurğulayıb ki, Azərbaycan “Cənub Qaz Dəhlizi”ni sadəcə kommersiya layihəsi deyil, həm də “Avropaya inteqrasiyada siyasi strategiya” hesab edir.

“Ümid edirik ki, Avropa bu layihəyə eyni cür yanaşır. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün “Cənub Qaz Dəhlizi” layihəsinin Avropaya yayılması zəruridir. Öz tərəfindən SOCAR bu prosesdə hər vasitə ilə iştirak etməyə hazırdır”, – deyə o qeyd edib.

E.Nəsirov əlavə edib ki, Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalı da daxil olmaqla, regionda həll olunmayan münaqişələrə baxmayaraq, enerji layihələri reallaşdırır.

Xəbər verildiyi kimi, “Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Layihənin dəyəri $45-48 mlrd. təşkil edir. Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2019-cu ilin sonunda gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart