SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ildə öz yataqlarında 93 quyu istismara verməyi planlaşdırır. Bu barədə SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov bu gün “Caspian Oil&Gas2015” konfransında çıxışında bildirib.
“Şirkətin öz yataqlarında həyata keçirdiyi qazma işlərinin həcmi üzrə 2015-ci ilə olan proqnoz 138,6 min metr təşkil edir”, – deyə Qurbanov bildirib.
Onun sözlərinə görə, şirkət köhnə yataqlardan hasilatın sabitləşməsi və artmasına dair tədbirlər həyata keçirir. Söhbət quyuların təmiri üçün yeni avadanlığın alışı, neft hasilatı üçün ən yeni texnologiyaların tətbiqi və neft hasilatının intensivləşməsi üçün kimyəvi reaktivlərin istifadəsindən gedir.
Qurbanov vurğulayıb ki, bütün bu işlər SOCAR-ın 2013-2015-ci illərdə mövcud yataqlardan neft və qaz hasilatının artırılmasına dair Tədbirlər Planı çərçivəsində həyata keçirilir.
Qurbanov həmçinin çıxışında bildirib ki, 2014-cü ildə “Azneft”in (SOCAR-ın hasilat strukturu) balansında olan yataqlardan 6,8 mln ton neft və 6,4 mlrd kub metr qaz hasil edilib.