logo

Avropaya dirənmiş Azərbaycan qazı

Views: 65

Artıq məlum olur ki, “Türk axını” onun əsas rəqibidir

krani            Beləliklə, Azərbaycan qazının Avropaya ixracı və bunun ətrafında bir müddət yaranmış –iqtisadi-siyasi “duman” deyəsən yavaş-yavaş çəkilməyə başlayır. Və buna cəhd edən də rəsmi Bakı oldu. 27 may tarixində Respublika Günü  münasibətilə keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev gözlənilmədən qaz mövzusuna keçib və bəyan edib ki, “əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik”. Bu sözlərindən sonra isə Prezident əlavə edib ki, “TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar”.

            Prezident kimdən narazıdır?

İlk babaxışda belə görünür ki, İlham Əliyev heç də TAP boru kəmərini tikən şirkətin fəaliyyətindən razı deyil. Buna görə də onları məsuliyyətli olmağa çağırır. Ancaq məsələ bundadır ki, TAP konsorsiumunda 40% səhmlər “Şahdəniz” layihəsi iştirakçılarina (SOCAR – 20%, BP-20%) məxsusdur və onların kifayət qədər marağındadır ki, layihə vaxtında həyata keçsin. İkincisi, bu boru kəməri layihəsində digər iştirakçıların heç biri 20%-dən artıq səhmə malik deyillər.

Onda Azərbaycan Prezidentinin konkret hədəfi əslində boru kəməri iştirakçıları deyil, Avropada Azərbaycan qazını alacaq dövlətləin hökuməridir. Burada həqiqətən bir məntiq var.

“Şahdəniz-2” layihəsi üzrə Azərbaycan qazının ən böyük alıcısı İtaliyadır. Bu layihə çərçivəsində hasil ediləcək qazın 50%-i (8 milyard kub metr) İtaliya bazarına getməlidir. Ancaq İtaliya hökuməti TAP-ın bu ölkəyə “gəlməsinə” heç də lazımi diqqət və qayğını indiyə qədər nümayiş etdirməyib. Hətta bu ölkənin Baş naziri belə “Cənub qaz dəhlizinin” təməlqoyma mərasiminə qatılmağa vaxt tapa bilmədi və əvəzində buna görə İtaliya erməni icmasından təşəkkür dolu məktub da aldı. Nəticədə, 20 may 2015-ci ildə İtaliya iqtisadi inkişaf nazirinin imzaladığı sərəncamdan belə məlum oldu ki, TAP-ın tikintisinə 16 may  2016-cı ildə başlanılıb 2020-ci il 31 dekabr tarixində bitəcək. Yəni reallıqda Azərbaycan qazı 2021-ci ildə bazara daxil olacaq.

Yunanıstana gəldikdə isə, 2015-ci ilin yanvarında bu ölkədə hökumət dəyişdikdən və hakimiyyətə ultrasolçular gəldikdən sonra onların TAP-dan umacaqları dividendlər də nədənsə artmağa başlayıb. Düzdür, ortada imzalanmış sazişlər var, ancaq hökumət bu və ya digər şəkildə kəmər boyunca əlavə ekoloji və sosial layihələrin də həyata keçirilməsini ortaya qoyur. Uzağa getmək lazım deyil, vaxtilə Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili hakimiyyəti ələ keçirəndən sonra ilk növbədə Bakı-Tbilisi-Ceyhan layihəsində o cümlədən QHT-lərin köməyilə “Borjomi təhlükəsi” adlı beynəlxalq səs-küy qaldırdı. Layihə düz 4 ay geçikdirildi və boru kəməri konsorsiumu ilə sülhə gələndən sonra hər şey qaydasına düşdü. Ancaq xərclər maddəsinin də artmasını yaddan çıxartmaq lazım deyil.

Ötən həftənin cümə günü Yunanıstanın energetika və təbii sərvətlər naziri Panayotis Lafazanis Moskvaya səfər edib. Və TAP-la bağlı görün nə deyib: “TAP – Avropa üçün böyük qaz həcmləri zəmanəti vəd etmir”. Yunan nazir bunu Rusiyanın “Türk axını” layihəsini dəstəklədiklərini və öz ölkəsi ərazisində onun çəkilişinə təqribən 2 milyard avro xərc lazım olacağı zaman dilə gətirib.

Albaniyaya gəldikdə isə burada boru kəmərinin tikintisinə başlamazdan öncə konsorsium 100 km yol və 52 körpü və keçid tikəcək. Çünki bu ölkədə infrastruktur çox aşağı səviyyədədir. Yəni bunun açması odur ki, TAP artıq öz “enerjisini” bir qədər çox sərf etməli olacaq.

Bir sözlə, Azərbaycan qazı Avropaya vaxtında getsə, sazişlərdə göstərildiyi qrafikə və şərtlərə uyğun istehlakçılara çatdırılsa, burada həqiqətən həm istehsalçıların, həm tranzit ölkələrin, həm də istehlakçıların qazançı göz qabağındadır.

            Qaz satmağın qəlizliyi

            Azərbaycan qazı gec-tez Avropa bazarına çıxacaq. Ancaq məsələ burasındadır ki, bəlkə də çoxları Bakıda heç də bunun mürəkkəbliyini bu səviyyədə proqnoz edə bilmirdi. Çünki qaz sadə əmtəə deyil. Avropa Rusiyanı XXİ əsr başlayandan qazdan siyasi vasitə kimi istifa etməkdə suşlayıb və 2005-ci ildə “özünün enerji təhlükəsizlinin təmin edilməsi üçün – şaxələndirilmə siyasəti” kimi sənəd qəbul edib. Bu sənədin mahiyyəti Avropa bazarına müxtəlif mənbələrdən enerji daşıyıcılarının daxil olmasını təmin etməklə, burada rəqabətmühitli bazar formalaşdırmaqla istehlakçıların fasiləsiz, stabil enerji təminatını təmin etməkdir.

Ancaq bu günün reallığı onu göstərir ki, Avropa əslində bu ötən 10 ildə özü ustalıqla qazdan siyasi vasitə kimi istifadə etməyə yiyələnib. Əvvəlcə mücərrəd “Nabucco” qaz kəməri, sonra “Cənub qaz dəhlizi”, daha sonra onun Transxəzər qaz kəməri vasitəsilə Türkmənistana qədər uzadılması ideyası – bütün bunlar Avropanın qaza artan tələbatını ödəmək, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq, Avropanın enerji bazarlarına böyük həcmlərdə qaz gətirmək kimi şüarlardan başqa bir şey deyilmiş.

Əgər belə olmasaydı, onda Prezident İlham Əliyev “…biz o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik” fikrini geniş ictimaiyyət üçün səsləndirməzdi.

Ancaq Azərbaycanın dövlət başçısı bu fikirləri səsləndirməmişdən öncə TANAP-ın baş direktoru Saltuk Düzyol aprelin sonlarında Reuter`s agentliyinə açıqlamasında bildirmişdi ki, Türkiyə lazım gələrsə, Azərbaycandan 21 milyard kub metrə qədər qaz ala bilər. Ancaq TANAP rəsmisi o zaman bunun  səbəblərinin açıqlamamış və Avropa ilə problemlərin yaşanmasını söyləməmişdi. Onun sözlərinə görə, “Türk axını” ilə Türkiyə bazarına əlavə Rusiya qazı daxil olduğu təqdirdə bazarda qiymət rəqabəti yüksələcək . Yəni əslində demək istəyirdi ki, Azərbaycan qazının bu bazarda qiyməti aşağı düşəcək.

Rusiya Azərbaycan qazının rəqibi     

2014-cü il dekabrın 1-də Rusiya Prezidenti Vladimir Putin mətbuat üçün qəfil, əslində isə əzəldən üzərində bir neçə ay işlənilmiş bir layihəni elan etdi – “Türk axını”. 63 milyard buraxıcılıq gücü olan 4 kəmərdən ibarət bir sistem Rusiyadan Bolqarıstana doğru deyil, Türkiyəyə doğru istiqamət götürür və buradan da Avropaya  getməlidir. 2015-ci ilin fevralında isə həmin boru kəməinin marşrutu bəlli olur. “Türk axını” Türkiyə-Yunanıstan sərhədini İspalı deyilən ərazidə keçəlidir, orada ki, TANAP bitib, TAP başlanğıcını götürəcək.

İndi özünüz düşünün bir anlığa: belə bir xəbər Azərbaycan üçün, “Şahdəniz” konsorsiumu iştirakçıları üçün nə dərəcədə “şad xəbər” ola bilərdi?

Təbii ki, Azərbaycana vaxt lazım idi bu situasiyadan baş çıxartsın, ümumiyyətlə Qərbin, Rusiyanın, Türkiyənin mövqelərini öyrənsin. Ona görə də mətbuat “TANAP və “Türk axını” paralel layihələrdir və bir-birinə heç bir təhlükə törətmir kimi yazılarla” baş alıb getdi.

Rusiya isə bu arada Yunanıstan üzərindən qazın Serbiyaya, Makedoniya, Xorvatiya və Macaristana satışı üzərində planını ortaya qoyurdu. Faktiki olaraq bu ölkələr Azərbaycanın “genişləndirilmiş TAP” layihəsi üzrə qaz alacağı ölkələr siyahısındadırlar. Onların bir çoxları onsuz da Rusiya qazının istehlakçılarıdır. Ancaq bu dəfə Rusiya qazını yeni marşrutla almağa başlayacaqlar və daha ucuz. Bu isə o deməkdir ki, Azərbaycan qazının bir nömrəli rəqibi kiçik ölkələrdə belə əslində Rusiyadır. Məsələn, Makedoniya kimi ölkə 134 milyon kub metr qaz istehlak edib, onun cəmi 50 milyon kub metrini Rusiyadan idxal edib. İndi də həm Rusiyadan, eyni zamanda Azərbaycandan qaz almaqda maraqlı olduğunu açıqlayıb.

Avropa yuxarıda qeyd etdiyimiz kimi, əslində “Cənub qaz dəhlizi” layihəsinnin mövcudluğundan yararlanaraq Rusiyaya qarşı bundan kifayət qədər istifadə edir. Bu layihənin imkanlarını yeri gələndə öz məqsədləri üçün o qədər şişirdir ki, cəmi 31 milyard kub mert buraxıcılıq gücü olan kəmərlə  az qala İranın, Türkmənistanın, Şimali İrakın, İsrail şelfində çıxarılacaq qazın, Kipr qazının Avropaya nəql ediləcəyini dönə-dönə təkrar edir. Təbii ki, bunlar siyasi təzyiq vasitəsindən başqa bir şey deyil. Və geniş ictimai rəy formalaşdırmağa hesablanıb. 2012-ci ildə “Qazprom” Avropada qazın 1000 kub metrini orta hesabla 406 dollardan satirdisa, artıq ötən ilin yekunlarına görə bu rəqəm 335 dollara qədər azalıb. Cari ildə ildə isə daha 10-15% ucuzlaşacağı proqnoz edilir. “Qazprom” Avropa ölkələri ilə get-gedə kommersiya sazişlərində daha yumşaq şərtlərlə sazişlər imzalamağa başlayır.

Reallıqda isə 2010-cu ildən Avropa Bolqarıstan-Yunanıstan, Bolqarıstan-Türkiyə kimi  interkonnektorlar (birləşdirici kəmərlər) tikməyə nə vəsait ayırırdı, nə də buna cəhd edirdi. Axı çoxları bilmir ki, Azərbaycanın “Şahdəniz-1” layihəsi çərçivəsində belə Avropayaqaz ixrac etmək üçün ən azı ildə 2 milyard kub metrədək qaz həcmləri yaranır. Sadəcə onun alıcıları yoxdur. Avropanın həqiqi istəyi olsaydı,  cəmi 1 ilə bunu reallaşdıra bilərdi.

Ancaq Qərbin real istəyi Azərbaycan qazını Rusiya ilə üz-üzə qoymaqdan ibarətdir. 10 milyard kubmetrlik Azərbaycan qazı ilə 150 milyard kubmetrlik Rusiya qazının qiymətini mümkün qədər əli çatdığı bazarlarda “öldürməkdir”. Həm də Qərbin əsas maraqlarından biri gələcəkdə Rusiya qaz bazarında mümkün qədər kök salmaqdır (söhbət kəşfiyyat, hasilat, servis, logistika və satışdan gedir).

Bəs bizim qazancımız nə? Bax burada Avropanın deyəsən o qədər də dərinə getmək fikri yoxdur və heç TANAP-a qoyulan vəsaitlər, “Şahdəniz-2”  kimi meqalayihənin xərcləri və ümumiyyətlə, Xəzər kimi qapalı bir hövzədən Avropa bazarına çıxarılan qazın maya dəyəri belə?

Adətən onlar belə deyirlər bu halda – hərənin öz maraqları var… Bu kapitalizmin başlıca şərtidir.

İlham Şaban

Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart