logo

AGRI layihəsinin iştirakçı ölkələri birgə bəyannamə qəbul ediblər

Views: 16

agri_layiheBu gün Rumıniyanın Buxarest şəhərində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRI) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclası keçirilib.

Rumıniya energetika nazirliyinin yaydığı məlumata görə, AGRI layihəsinin iştirakçı dövlətlərinin yüksək vəzifəli rəsmilərinin qatıldığı iclasda qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanları müzakirə olunub.

AGRI layihəsi üzrə nazirlərin iclasını açıq elan edən Rumıniyanın energetika, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrey Dominik Gerea bildirib ki, regionda baş verən son geosiyasi proseslər fonunda bu layihənin həyata keçirilməsi olduqca vacib əhəmiyyətə malikdir.

Öz növbəsində, Azərbaycanın energetika naziri Natiq Əliyev AGRI layihəsinin iqtisadi və sosial əhəmiyyətindən bəhs edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşurutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı məlumat verib. Nazir SOCAR-ın Rumıniyadakı uğurlu fəaliyyətinə də toxunub, SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı sərmayənin Azərbaycan hökuməti tərəfindən tam dəstəkləndiyini bildirib.

Gürcüstan energetika nazirinin müavini xanım Mariam Valişvili ölkəsinin adıçəkilən layihənin həyata keçirilməsinə verdiyi önəm və dəstək barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Böyük Britaniyanın PENSPEN şirkəti tərəfindən AGRI layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair tədbir iştirakçıları üçün qısa təqdimat edilib.

Müxtəlif işçi sessiyalar üzrə işini davam etdirən iclasda qeyd edilən layihənin gələcək taleyi, həyata keçirilməsi və regionun enerji təhlükəsizliyində oynaya biləcəyi rol ilə əlaqədar məsələlər geniş şəkildə müzakirə olunub.

İclasda çıxış edən BP şirkətinin “Cənub Qaz Dəhlizi” üzrə vitse-prezidenti Co Mörfi qeyd edib ki, AGRI layihəsinə “Cənub Qaz Dəhlizi”nin əlavə komponenti olaraq baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.

İclasın sonunda AGRI layihəsi üzrə birgə bəyannamə qəbul edilib. Bəyannamədə AGRI layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub.

* AGRI layihəsinin iştirakçıları SOCAR, Gürcüstan Neft və Qaz Korporasiyası, Macarıstanın MVM  və Rumıniyanın  “Romgaz” şirkətləridir. 2011-ci ilin fevralında şirkətlər layihənin icrası üçün “SC AGRI LNG Project Company SRL” adlı birgə müəssisə təsis ediblər. Hesab edilir ki, AGRİ layihəsi çərçivəsində Xəzər qazı boru kəməri ilə Gürcüstanın Qara dəniz limanlarından birinə daşınacaq, burada maye halına salınaraq tankerlə Rumıniyaya daşınacaq, sonra yenidən qaz halına gətirilərək Avropa bazarına çıxarılacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart