logo

Valyuta ehtiyatlarının azalmasında neft amili – təhlil

Views: 31

ve1

Bu ilin dövlət büdcəsinə 10 milyard 39 milyon manat transfert həyata keçirmək planlaşdırılıb.

Ötən həftə Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2015-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərə dair açıqlanan məlumat diqqəti cəlb etdi. Ona görə yox ki, bu məlumat çoxdan gözlənilirdi. Sadəcə, neftin qiymətinin düşməsiylə əlaqədar ARDNF-in aktivlərinin necə təşkil etdiyi maraq doğururdu. Çünki Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi bəlli olsa da, dövlət büdcəsinin əsas donoru olan Neft Fondu üzrə vəziyyət məlum deyildi.

Yeri gəlmişkən, bəlli idi ki, AMB-in rəsmi valyutalarının həcmi keçən ilin avqust ayından azalır. Ümumiyyətlə isə 2015-ci ilin yanvarın 1-nə 13 milyard 758 milyon 300 min ABŞ dolları təşkil edirdi ki, aprelin 1-nə 9 milyard 472 milyon 100 min dollara düşmüşdür.

ARDNF-in açıqladığı məlumatda isə deyilir ki, 2015-ci il aprelin 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə olan 37 milyard 104 milyon 100 min dollardan 5,86% azalaraq 34 milyard 930 milyon 500 min dollara bərabər olub.

Beləliklə də, Azərbaycanın valyuta ehtiyatları cari ilin əvvəlindən aprelin 1-dək 50 milyard 862 milyon 400 min dollardan 44 milyard 402 milyon 600 minədək azalmışdır ki, bu da 3 ayda 6 milyard 459 milyon 800 min dollar edir.

Qeyd olunan məbləğ aya 2 milyarddan çox vəsait deməkdir.

Yaxşı ki, neftin dünya bazarlarında qiymətləri fevralda sabitləşdi. Yəni, bu ilin fevralında dünya bazarlarında xam neftin qiymətlərinin ötən ilin iyun ayından başlanan ucuzlaşması prosesi dayandı. Və müxtəlif markalı xam neft qiymətləri 50-60 dollar arasında rəqs etməyə başladı ki, bu da ucuzlaşmanın arxada qaldığını deməyə əsas verdi…

Neftin qiyməti əgər, 40 dollardan da aşağı düşsə idi, valyuta ehtiyatlarımız üzrə yanvar-mart ayları ərzindəki itki aya azı 3 milyarddan çox təşkil edəcəkdi. Yəni, həm ARDNF-in aktivləri, həm də AMB-in rəsmi valyuta ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən də aşağı səviyyədə olacaqdı.

Lakin təkrar edirik: neftin keçən ilin iyun ayından bu ilin fevralınadək ucuzlaşması prosesi göstərdi ki, nə qədər “basqı yapıldısa” da qiyməti 40 dollardan aşağı salmaq mümkün olmadı. Başqa sözlə desək, qlobal iqtisadiyyatın bu günki tələbləri nöqteyi-nəzərindən xam neft qiymətinin “dib nöqtəsi” əyani göründü…

Hələ bununla belə, ARDNF-in aktivləri bir az da aşağı səviyyədə gözlənilirdi. Belə ki, əgər, AMB tərəfindən fevralın 21-i tarixində manatın dollara nəzərən dəyəri 34% korrektə edilməsə idi, I rübdə Fonddan dövlət büdcəsinə transfert nəticəsində aprel ayının əvvəlinə34 milyard 930 milyon 500 min dollardan az aktiv qeydə alınacaqdı.

Yeri gəlmişkən, bu ilin ilk 3 ayında Fonddan transfert az həyata keçirilib: 1 milyard 941 milyon 700 min manat… Keçən il isə 2 milyard 342 milyon 600 min vəsait köçürülmüşdü. Halbuki, 2015-ci ilin dövlət büdcəsinə ARDNF-dan keçən ildəkindən 11,3% çox – 10 milyard 39 milyon manat transfert həyata keçirmək planlaşdırılıb.

Məsələ bunda deyil. Manatın dəyəri ucuzlaşdırılmasa idi, cari ilin I rübündə köçürülən 1 milyard 941 milyon 700 min manat üçün ARDNF 2 milyarddan çox ABŞ dolları konvertasiya etməli idi. AMB-in manatın dəyərini 0,78-dən 1,05 AZN-ə ucuzlaşdırması nəticəsində bundan təqribən, 64 milyon az dollar dəyişdirilmişdir.

Bütövlükdə, 2015-ci il üzrə isə bu rəqəm 3 milyard ABŞ dolları təşkil edəcək.

Bu mənada, ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun da devalvasiya nəticəsində Fondun büdcəsinin icrasında pozitiv dəyişikliklərin baş verdiyini qeyd etməsi nəzərdən qaçırılmalı deyil. “Biz büdcəyə 10 milyard manat transfert etmək üçün əgər 13 milyard dollar konvertasiya etməli idiksə, devalvasiyadan sonra cəmi 10 milyard dollar edəcəyik.” – deyə, Ş. Mövsümov söyləyib.

Bir də, valyuta ehtiyatlarımı 100 milyard ABŞ dolları təşkil etsə idi də onun mənbəyini yalnız xam neft ixracı təşkil edərsə, cəmi 1 ilə ərimək ehtimalı vardır. Odur ki, valyuta ehtiyatlarımızın formalaşmasında xam neft ixracı amilindən tezliklə yaxa qutarmaq lazımdır…

Bu mənada, maliyyə naziri Samir Şərifov çox düzgün olaraq xatırladıb ki, hazırda biznes sahəsi inkişaf etdirilməli, o cümlədən, təhsilə güclü sərmayə yönəldilməlidir ki, iqtisadiyyatın diversifikasiyası məqsədilə kənd təsərrüfatı, İKT, turizm və xidmət sahələri prioritet təşkil etsin və yaxın gələcəkdə əsas inkişaf məhz bu sahələrdə baş versin.

Pərviz Heydərov
www.oxu.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart