logo

TANAP-da qərarları kim və necə qəbul edir?

Views: 74

Trend-in TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyolla müsahibəsi

tanap_duzyolTransanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur və “Cənub Qaz Dəhlizi”nin hissəsidir. TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr (31 milyard kubmetrədək artırma imkanı ilə) təşkil edəcək. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük olunacaq.

TANAP və Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi

S.Düzyolun sözlərinə görə, TANAP heç şübhəsiz ki, enerji tədarüklərinin təhlükəsizliyini artırmağa kömək edəcək, eləcə də Türkiyə və Avropa bazarlarında şaxələndirməni təmin edəcək.

O, qeyd edib ki, əsas istehlak mərkəzlərinə olduqca yaxın olan Əskişəhər və Trakiya şəhərlərində TANAP sisteminin iki paylayıcı məntəqələrinin olması Türkiyəyə yerli qazpaylama şəbəkəsini yeniləmək üçün əsaslı xərcləri azaltmağa və böyük əməliyyat çevikliyi əldə etməyə imkan verəcək.

S.Düzyol əlavə edib ki, TANAP Türkiyə və tranzit ölkələrlə bağlı problemlərə görə vaxtaşırı Rusiya qazının xeyli həcmdə çatışmaması ilə üzləşən Cənub-Şərqi Avropa ölkələri üçün “qaz panaseyası” olacaq: “Rusiya qazının idxalından asılılığın səviyyəsi nəzərə alınsa, məhz Cənub-Şərqi Avropa ölkələri TANAP-ın ən vacib hissə olduğu bu yeni qaz tədarük dəhlizindən böyük mənfəət əldə edəcəklər”.

Onun sözlərinə görə, TANAP Türkiyənin qonşu ölkələrindəki digər mənbələrdən qaz nəqli üçün platforma da ola bilər.

TANAP və “Türk axını” arasında rəqabət

Baş direktor xatırladıb ki, TANAP konsorsiumu artıq fiksasiya edilmiş tariflə 15 il müddətinə ildə 16 milyard kubmetr (ilkin mərhələdə buraxılış qabiliyyəti) qaz çərçivəsində saziş imzalayıb: “Türkiyə təkcə tranzit ölkəsi qismində deyil, həm də 30 faizlik payla iri investor qismində TANAP layihəsinin hissəsinə çevrilib”.

O bildirib ki, Türkiyə “Türk axını”nı qərb marşrutu üzrə çatışmazlıq məsələsinin həlli qismində dəstəkləyir: “Türkiyə Rusiya və tranzit ölkə olan Ukrayna arasında münaqişəyə görə, demək olar, hər il bu çatışmazlıqla üzləşir. Başqa sözlə, Türkiyə qərb marşrutu üzrə yanacağın əldə edilməsi ilə bağlı problem olarsa, “Türk axını” üzrə bərabər və ya bir qədər çox həcmdə qaz əldə etməyə ümid edir”.

S.Düzyol diqqətə çatdırıb: “Türk axını” TANAP-ın rəqibi o vaxt ola bilər ki, biz TANAP-ın gücünün genişləndirilməsini nəzərdən keçirək. Bu halda TANAP və “Türk axını” üzrə qaz tədarükçüləri Türkiyə və Avropa bazarlarında qazlarını satmaq imkanı əldə etmək üçün bir-biri ilə rəqabət aparmalı olacaqlar. Lakin həmişə yadda saxlamaq lazımdır ki, TANAP Avropanın son istifadəçiləri üçün təkcə marşrutları deyil, həm də qaz tədarüklərinin şaxələndirilməsini təmin edəcək layihədir”.

Valyutaların məzənnəsinin dəyişməsinin TANAP-a təsiri

Konsorsium rəhbərinin sözlərinə görə, ilkin yük göndərənlərlə qazın nəqli üzrə sazişdə nəql tarifinin müəyyənləşdirilməsi üçün istifadə edilən əsaslı xərclərin və layihənin səhmdarlarının yekun investisiya qərarının qiymətləndirilməsi dollarda aparılıb, eləcə də əksər müqavilə öhdəlikləri və ödənişləri dollarda həyata keçirilir: “Yerli bazarda və ya Avrozonadan alınan bəzi mal və xidmətlərə gəlincə, dolların məzənnəsinin artması layihəyə müsbət təsir edə bilər. Lakin dolların məzənnəsinin artmasının layihəmizə əhəmiyyətli təsirini gözləmirik”.

Yeni səhmdarların cəlb edilmə imkanı

O xatırladıb ki, layihə üzrə səhmdar sazişi bu yaxınlarda imzalanıb: “Bu, bazarda mövqelərini möhkəmləndirmək istəyən investorların cəlb edilməsi məqsədilə nəql üzrə belə növ layihələr üçün olduqca normaldır. Türkiyə parlamentində ratifikasiya edilmiş hökumətlərarası sazişə əsasən, TANAP layihəsində Azərbaycanın dövlət şirkətlərinin payı istənilən halda 51 faizdən aşağı ola bilməz. Lakin yeni səhmdarların TANAP-a gəlişi hazırkı sərmayədarlar arasında müzakirə oluna və razılaşdırıla bilər”.

Tikinti işlərinin reallaşdırılması qrafiki

S.Düzyol bildirib: “Biz hazırda indiyə qədər dünyada tikilmiş ən uzun və böyük boru kəmərlərindən birinə investisiya yatırırıq. Qaz kəməri Türkiyənin 20 vilayətindən, 67 rayonundan və təqribən 600 kəndindən keçəcək və bu boru kəmərinin, demək olar, 60 faizi dərə-təpələrin olduğu dağlıq yerlərdən keçəcək. Boru kəmərinin bəzi sahələrində tikinti mövsümü cəmi 110 gün təşkil edir, boru kəmərinin inşasına isə yalnız 3 mövsüm ayrılıb. Belə şəraitdə tikintinin vaxtından əvvəl başa çatacağını gözləmək lazım deyil. Lakin TANAP olaraq, ilk qazın 2018-ci ilin iyununda BOTAŞ sisteminə (Türkiyənin qaz nəqli sistemi) və 2019-cu ilin sonuna Transadriatik bor kəməri sisteminə tədarükünə başlanacağına tam sadiqik. Hazırda onu deyə bilərəm ki, layihənin reallaşdırılması qrafikini saxlayırıq”.

TANAP-da kim qərar qəbul edir?

Onun sözlərinə görə, TANAP layihəsi texniki və ya kommersiya operatorları tərəfindən idarə edilmir: “TANAP-ın səhmdarları 58 faiz paya sahib olan Azərbaycanın “Southern Gas Corridor Closed Joint Stock Company” (SGC), Türkiyənin BOTAŞ (30 faiz) və BP (12 faiz) şirkətləridir.

TANAP layihəsində qərarın qəbul edilməsi üzrə səlahiyyətə Direktorlar Şurası malikdir. Burada SGC, BOTAŞ və BP müvafiq olaraq 6, 3 və 1 üzvlə təmsil olunub”.

S.Düzyol vurğulayıb ki, bir çox qərarlar böyük çoxluqla qəbul edilir: “Bu o deməkdir ki, iri səhmdar idarəçilik qərarlarında böyük təsirə malikdir. Bəzi vacib qərarlar isə ixtisaslaşmış əksəriyyəti və ya yekdilliyi tələb edir. Direktorlar Şurası tərəfindən təyin edilmiş baş direktor başda olmaqla, layihənin idarə edilməsi üzrə vahid komanda layihələndirmə, alış və tikinti ilə məşğul olan şirkətin köməyi ilə layihənin icrasına görə tam cavabdehlik daşıyır. Bundan başqa, Direktorlar Şurasında olduğu kimi, bütün səhmdarların təmsil olunduğu komitələr var. Bu komitələr səhmdarlara prosesə cəlb olunmağa və şəffaflığı artırmağa imkan verirlər”.

TANAP layihəsinin maliyyələşdirilməsi

Konsorsiumun rəhbəri qeyd edib ki, hazırda TANAP layihəsinin səhmdarların özləri tərəfindən maliyyələşdiriləcəyi planlaşdırılır: “Ancaq səhmdarların qərarı üzrə layihənin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutu və bankların cəlb edilməsi imkanı həmişə var. Səhmdarlarımız fikirlərini dəyişsələr, layihələndirmə, alışlar, müqavilələrin bağlanması, ətraf mühitin mühafizəsi, təhlükəsizlik və sağlamlığın təmin edilməsi daxil olmaqla, TANAP-ın bütün prosedurları layihənin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarının tələblərinə uyğunlaşdırılacaq”.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart