Bu gün səhər saatlarından başlayaraq dünya bazarlarında “qara qızılın” qiymətinin artması davam etməkdədir.
Bakı vaxtı ilə saat 11:05-ə olan məlumata görə, London birjasında Brent markalı neftin iyun ayı üçün qiymətləri 1,08% bahalaşaraq hər barelinə $68,25 təşkil edib. Qərbi Texas markalı (WTI) neftin qiyməti isə 1 barel üçün $61,4 təşkil edib (+1,66%).
Caspian Barrel Sinqapurdakı CMC Markets konsalting şirkətinin analitiki Nikolas Teoya istinadən xəbər verir ki, neftin bir-neçə gündür ki, durmadan bahalaşmasına səbəb Yaxın Şərqdəki (Yəmən, İrak) hadisələr idisə, son iki günün artımında əsas rolu Liviya oynayır. Belə ki, Liviyanın Zueitina terminalı artıq dünəndən bağlanıb. Bu yeganə terminal idi ki, Liviya neftinin ixracını oradakı müxtəlif qrupların qarşıdurması zamanı mütəmadi həyata keçirirdi. İndi isə bu terminal da fəaliyyətini təhlükəsizlik məsələləri ilə bağlı dayandırmalı olub və nəticədə treyderlər neftin stabil bazara çıxarılma təhlükəsi ilə üzləşiblər. Buna görə də birjalar neftin qiymətinə artımla reaksiya verirlər.