logo

Azərbaycan Neft Fondu aktivlərinin pik dövrünü keçdi

Views: 83

Neftin qiymətinin 90 dollardan aşağı olması qarşıdakı illərdə Azərbaycan Neft Fonduna yığım vəd etmir, çünki büdcə transfertlərimizdən əlavə neft-qaz layihələrinə çəkiləsi xərclərimiz də kifayət qədərdir

gelir-azalirNeftin qiyməti neçə olacaq?

Bu gün neftin qiyməti 65 dollar ətrafında dəyişir. May ayı üçün Bent markalı neftin orta qiyməti elə bu dəyərdə olması proqnoz edilir. Qeyd edək ki, aprel ayında Brent markalı neftin bir barelinin orta qiyməti 61 dollar idi. Ancaq nəzərə alsaq ki, cari ilin birinci rübü orta hesabla 55 dollar ətrafında başa çatmışdı, onda indiki qiymət kifayət qədər yüksək saymaq olar, çünki iki ay ərzində neftin qiymətində orta hesabla 18,2% artım müşahidə olunub. Əgər neftin qiymətindəki stabillik və bir qədər artım tempi iyul ayında da saxlanılarsa, onda 2015-ci ilin I yarısı üçün neftin orta qiyməti 60-61 dollar intervalında dəyişəcəkdir.

Azərbaycan 2014-cü ildə öz neftini dünya bazarlarına orta hesabla 101 dollarda ixrac etmişdi. Yəni hazırkı qiymət diapazonu onu göstərir ki, ixrac qiymətlərində fərq 40%-dir.

II rübdə isə obyektiv səbəblərdən “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın azalması baş verəcək: “Qərbi-Çıraq” platformasında hasilat 22 gün dayanacaq (gündəlik hasilat 130 min barelə yaxın). Ümumiyyətlə, bu il əvvəlki illə müqayisədə AÇG-də hasilatın tempinin aşağı düşməsi az olacaq (2014-cü ildə 2013-cü illə müqayisədə hasilat 700 min ton azalaraq 31,5 mln ton təşkil etmişdi), çünki “Qərbi Çıraq” platformasından getdikcə daha çox neft hasil edilməyə başlanılır.

Bəs hazırda belə olan şəraitdə Azərbaycanın neft gəlirləri hansı təsirlərə məruz qalacaq və ümumiyyətlə, Azərbaycan hökuməti dövlət büdcəsini, eyni zamanda Neft Fondunun büdcəsini təsdiqləyərkən neftin 90 dollardan proqnoz etməsi ilə 2015-ci ilin reallığı arasındakı boşluğu həqiqətənmi görmürdümü?

Artıq 2015-ci ilin yarısına yaxınlaşırıq. Yuxarıda qeyd etdimim kimi, demək olar ki, ilin I yarısının orta qiyməti 60 dollar ətrafında bərqərar olacaq. İkinci yarısı isə qeyri-müəyyəndir. Çünki bu arada İran faktorunun həllindən sonra bazara çıxarılacaq yeni həcmlərə dünyanın reaksiyası məsələsi, bunun tənzimlənməsi üçün zaman və ən əsası Səudiyyə-İran münasibətlərinin  yoluna qoyulmasıdır. Əgər bu məsələr rəvan gedərsə, onda hesab etmək olar ki, Səudiyyə öz kvotasını azaldaraq bazarda tənzimləmə aparacaq və neft 65-70 dollar arasında “rəqs” etməkdə davam edəcək. Yox, əgər məsələnin siyasi tərəfi gərginləşərsə…və Yaxın Şərqdə “söz sahibliyi” və nüfuz uğrunda yeni mübarizəyə start verilərsə və Səudiyyə öz həcmləri ilə bazardan geri çəkilməzsə, İraq isə bazara daha çox neft ixracında maraqlı olarsa, onda neftin qiymətinin aşağı enməsinin yeni dalğası qaçılmaz olacaq, necə ki, bunu bir-neçə Amerika bankları artıq proqnoz edirlər.

Ancaq istənilən halda hesab etmək olar ki, cari il üçün neftin orta qiyməti 65 dollardan çətin olsun.

Neft Fondunun gəlirləri nə qədər azala bilər?

2014-cü ildə Neft Fondunun gəlirləri 16,3 milyard dollar olmuşdu. Bunun 15,1 milyard dolları, yəni təqribən 93%-i “Azəri-Çıraq-Günəşli” yataqlarından gələn gəlirlər hesabına formalaşmışdı.

Fonda hər il təqribən yarım milyarda qədər “Şahdəniz” layihəsindən gəlir daxil olurdu. Ancaq cari il bu baş verməyəcək. Çünki “Şahdıniz-2” layihəsi üzrə kapitalyönümlü işlər həyata keçdiyindən və kondensatın ixrac qiyməti azaldığından Fonda gələn mənfəət 2 dəfədən çox azalacaq.

Bu baxımdan Caspian Barrel-in araşdırmalarına görə, cari ildə Neft Fonduna təqribən 8,5 milyar dollara yaxın vəsait gələ bilər.  Hökumətin təsdiq etdiyi büdcəyə görə, bu il Neft Fondundan 11,8 mlrd manatlır (hazırkı kursla təqribən $11,3 mlrd).  Təbii ki, müəyyən qədər ola bilsin qənaət olsun bu xərcləmələrdən. Ancaq bunun məbləği böyük də ola bilməz, çünki hökumətin qarşısında böyük işlər durur cari ildə.

Neft Fondunun gəlirləri və xərcləri cədvəli

Gəlirlər (mlrd. dollarla) Xərclər (mlrd. dollarla)
2011 19,8 12,8
2012 17,4 13,1
2013 17,3 15,7
2014 16,3 12,9
2015 8,5*-proqnoz 11,0*-proqnoz
2015-ci il üçün proqnoz Neft Fonduna aid deyil, Caspian Barrel-in özünün gözləntiləridir.

Hökumət nəyə arxayındır?

Qarşıdakı il üçün hökumət büdcəni proqnoz edərkən neftin bir barelini 50 dollardan götürəcəyini anons edib. Ancaq bunun elə bir mənası yoxdur hazırkı şəraitdə. Çünki neftin qiymətinin neçə olmasından asılı olmayaraq, bizim müşahidə etdiklərimiz odur ki, hökumət yenə də 2 şeyə arxayındır: dünya bazarında neftin qiymətlərinə və Dövlət Neft Fondunun rezervlərinə.

Bunun birincisi aydındır, çünki Azərbaycan neft ölkəsidir və ixracatının 86%-ə yaxını neftdən formalaşır. Ancaq iş burasındadır ki, Azərbaycanın neft ixracı 2010-cu ildən üzü AZALMAĞA gedir və bir daha ARTMAYACAQ. Hamıya da bəlli lmasa da, hökumətə bəllidir ki, neftin vaxtilə gətirdiyi illik təqribən $20 milyard dollar gəlir səviyyəsi arxada qalan bir etapdır və hətta 2 il sonra bazarda 90 dollar qiymət səviyyəsi bərqərar olsa belə, Azərbaycanın qazancı bir daha 15 milyarda belə çatmayacaq. Çünki 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində real hasilat 2014-cü illə müqayisədə ən azı 23-25 milyon barel (illik göstəricilərlə) aşağı olacaq. Bu isə gəlirlərin daha 2-2,23 milyard azalması deməkdir.

Neft Fondunun aktivlərinin azalması mərhələsi

Dövlət Neft Fondunun rezervlərinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, bir zamanlar hökumət rəsmiləri hər bir tədbir də dönə-dönə təkrar neft_geliredirdilər ki, Milli Bankın 15 milyard dollar ehtiyatı var. Ancaq “X” vəziyyəti yaranan kimi məlum oldu ki, heç bir ilə də bu ehtiyatlar ölkənin dayanaqlı makroiqtisadi vəziyyətini saxlamaq üçün yetərli deyilmiş.

Düzdür bu baxımdan Neft Fondunun vəsaitlərini “bir beşillik”  içində xərcləyib tam qurtarmaq mümkün deyil. Ancaq Fondu kifayət qədər də “əritmək” olar. Yəni hökumət 2015-ci ildəki tempdə xərcləmələri davam etdirsə, Azərbaycanın böyük enerji layihələrinin sonuna qədər (2019-cu ilə qədər) Fond bu təhlükə ilə üzləşə bilər, çünki əsas xərclənmə maddələri büdcəyə transfert və neft-qaz layihələrinin maliyyələşdirilməsidir. Neft Fondunun 2015-ci ildə dövlət büdcəsinə edəcəyi transfertin məbləği devalvasiyadan sonra $9,8 milyarddır. O biri illər həmin rəqəmin 8 milyard ətrafında olacağını təxmin etsək, neft-qaz layihələrinin masştabının genişlənməsini nəzərə alıb bunlara ildə təqribən orta hesabla 2,5-3 milyard vəsait yönəldiləcəyini gözləmək olar. İkinci bir tərəfdən Azərbaycanın infratruktur layihələri, yollarının tikintisi və yenidənqurulması başa çatmayıb hələ. Əvvəl tikilən yollar isə artıq dağılıb (məsələn Bakı-Quba beyon yolu kapital təmir edilməlidir, Baki-Sumqayıt yolunun təmirə ehtiyacı var).Yəni xərcləmələr hələ davam edəcək. Bir sözlə, gələn ildən başlayaraq neftin qiyməti həqiqətən 90 dollara qədər artmasa, Neft Fondunun gəlirləri xərclərini örtmək iqtidarında yenidən olmayacaq.

                            Neft Fondunun aktivlərinin dinamikası (milyard dollarla)

İllər Aktivlər
2010 22,8
2011 29,8
2012 34,1
2013 35,9
2014 37,1
2015-I квартал 34,9

 

Təkcə bir faktı açıqlayım ki, Neft Fondunun aktivləri yalnız I rüb ərzində 2,174 mlrd dollar azalaraq 34 milyard 930 milyona düşdü. Neftin qiymətlərindən asılı olaraq, ola bilsin ki, bundan sonra biz artıq Fondun aktivlərinin azalma prosesini yaşayacağıq.

İlham Şaban

Caspian Barrel Neft Arasşdırmaları Mərkəzinin direktoru

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart