Avropa Birliyi (AB) Avropanın iri şirkətlərinin iştirakı ilə türkmən qazının idxalı üzrə konsorsium yaratmaq istəyir.
Azərbaycanın energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib ki,belə bir təkliflə Avropa Komissiyasının energetika üzrə komissarı Maroş Şefçoviç mayın 1-də Türkmənistan paytaxtında keçrilən Avropaya qaz tədarükü danışıqlarında çıxış edib.
“Türkmənistan tərəfi Trans-Xəzər boru kəməri ilə Avropaya qaz tədarükündə maraqlı olduğunu bildirib. Türkmənistan ildə 30 milyard kub metr qazı Avropaya tədarük etməyə hazırdır, lakin bir sıra problemlər var. Aydın deyil ki,kim boru kəmərini tikəcək və maliyyə mənbələri məlum deyil”,- deyə o bildirib.
Görüşdə Azərbaycan, Türkmənistan, Türkiyə və Aİ-nin enerji idarələrinin rəhbərləri iştirak ediblər.
“Tərəflər daimi işçi qrupunun yaradılmasını qərara alıblar. Tezliklə biz qrupun tərkibi haqqında bir-birimizə məlumat verəcəyik. Azərbaycan tərəfindən energetika,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, xarici işlər nazirliyi və bəlkə Ədliyyə nazirliyinin əməkdaşları daxil olacaq”, – deyə Əliyev bildirib.