Aprelin 9-10-da Bakıda neft-qaz sənayesinin inkişafına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən məlumat verilib.
Növbəti Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı SOCAR-ın dəstəyi ilə keçiriləcək. Artıq 8-ci ildir ki, keçirilən bu ilki konfransın təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.
Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.
Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.